02-02-2023
Fevralın 2-də Milli Kitabxanada Azərbaycan Gəncləri Günü ilə əlaqadər tədbir keçirilib. Bu əlamətdar tarixi gün gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətini uğurla davam etdirir. Məhz Azərbaycan gəncliyinin sayəsində Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi.
Tədbir zamanı gənclərin yetişməsində, inkişafında kitabxanaların rolu da xüsusi olaraq qeyd edilib.
Tədbirin davamında Azərbaycan Yazıçılar Birliyinin üzvləri, gənc yazarlar, “Xalq” qəzetinin müxbiri", “Yeni Azərbaycan” qəzetinin korrektoru Rizvan Fikrətoğlu və Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “ARB” televiziya kanalının redaktoru Səddam Laçın çıxış edərək öz müəllifləri olduqları şeirlərdən səsləndirdilər. Gənc yazarlara Milli Kitabxana tərəfindən kitablar hədiyyə edildi.
Sonda tədbir iştirakçıları mövzu ilə bağlı “2 Fevral – Azərbaycan Gəncləri Günü” adlı ənənəvi kitab sərgisi ilə eyniadlı virtual sərgi ilə tanış oldular. Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/2_Fevral_Azerbaycan_Gencleri_Gunu/index.htm linkindən istifadə edə bilər.