close
icon E-kataloq və kitabxana

Azərbaycan Milli Kitabxanasında Avrasiya Kitabxanalar Assambleyasının (BAE) 27-ci illik iclası, həmçinin “Milli kitabxanalar xalqların mənəvi yaddaşının qoruyucusudur” mövzusunda Beynəlxalq Elmi-Praktik Konfransın davamı və bağlanış mərasimi keçirilmişdir

21-09-2023

21 sentyabr tarixində Azərbaycan Milli Kitabxanasında kitabxananın 100 illik yubileyi münasibətilə həyata keçirilən tədbirlər planına əsasən, Avrasiya Kitabxanalar Assambleyasının (BAE) 27-ci illik iclası, həmçinin “Milli kitabxanalar xalqların mənəvi yaddaşının qoruyucusudur” mövzusunda Beynəlxalq Elmi-Praktik Konfransın davamı və bağlanış mərasimi olmuşdur.

Avrasiya Kitabxanalar Assambleyasının (BAE) 27-ci illik iclasını Azərbaycan Milli Kitabxanasının direktoru, prof. Kərim Tahirov açaraq qonaqları salamlamış, BAE-nin fəaliyyəti çərçivəsində daima elm, təhsil və mədəniyyət sahəsində vahid informasiya məkanının yaradılması istiqamətində inteqrasiya proseslərinin təşviqi məqsədilə müxtəlif proqramlar həyata keçirməsi, eyni zamanda BAE üzvü olan kitabxanaların birgə səmərəli fəaliyyəti haqqında danışmışdır. O, bundan sonra da xalqların milli-mədəni irsinin qorunması və təbliği istiqamətində birgə fəaliyyətin vacibliyini diqqətə çatdırmış, sözü Rusiya Dövlət Kitabxanasının baş direktoru, BAE-nin prezidenti Vadim Dudaya vermişdir. Natiq cari fəaliyyət barədə qısa məlumat vermiş, iclasda növbəti illərdə birgə təşəbbüslərin həyata keçirilməsinin müzakirəsinin aparılacağını diqqətə çatdırmış və iclasın işinə uğurlar arzulamışdır.

İlk olaraq, iclasın səlahiyyəti təsdiq edilmiş və gündəlikdə duran məsələlər diqqətə çatdırılmışdır. Qəbul və illik üzvlük haqları təsdiq edilmişdir.

Daha sonra Özbəkistan Milli Kitabxanasının direktoru, BAE-nin vitse-prezidenti Teşabayeva Umida Alimcanovna “Mərkəzi Asiya ölkələrinin sərhədyanı ərazilərindəki kitabxanaların qarşılıqlı əlaqəsi” haqqında məruzə etmişdir.

Gündəlikdə olan əsas məsələlərdən biri BAE-də iştirak edən kitabxanaların 2023-cü ilin ikinci yarısındakı peşəkar tədbirləridir ki, bu barədə Belarus Milli Kitabxanasının direktoru Vadim Frantseviç Gigin, B.N.Yeltsin adına Prezident Kitabxanasının baş direktoru Yuriy Stanislavoviç Nosov, Udmurt Respublikası Milli Kitabxanasının direktoru Tensina Tatyana Vladimirovna və Rusiya Milli Kitabxanasının baş direktoru Vladimir Gennadyeviç Qronskiy danışmışlar.

İkinci məsələ 2024-cü ildə A.S.Puşkinin anadan olmasının 225 illiyinin qeyd olunması çərçivəsində layihə və tədbirlərin hazırlanması və həyata keçirilməsi olmuşdur ki, bu istiqamətdə Rusiya Dövlət Kitabxanasının baş direktoru, BAE-nin prezidenti Vadim Duda və M.I.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının baş direktoru Pavel Leonidoviç Kuzmin çıxış edərək təkliflər vermişlər.

Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyinə həsr olunmuş (2025-ci il) BAE tədbirlərinin planı B.N.Yeltsin adına Prezident Kitabxanasının baş direktoru Yuriy Stanislavoviç Nosov, M.I.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının baş direktoru Pavel Leonidoviç Kuzmin və Rusiya Milli Kitabxanasının baş direktoru Vladimir Gennadyeviç Qronskiy tərəfindən təkliflər səsləndirilmiş, nəzərdə tutulan layihələr dəstəklənmiş, bu sahədə birgə fəaliyyətin həyata keçirilməsinin vacibliyi vurğulanmışdır.

Ümumilikdə iclasda mədəni siyasət, kitabxana fondlarının formalaşdırılması, qorunması, bərpası, rəqəmsal biblioqrafiya, kitabxanaların modernləşdirilməsi, təcrübə mübadiləsi, ixtisasartırma, uşaq ədəbiyyatı, uşaqlarla iş və s. kimi məsələlər müzakirə edilmişdir.

Daha sonra Rusiya Dövlət İncəsənət Kitabxanası BAE-yə yeni üzv qəbul edilmiş, 2023-cü ilin sentyabrından 2027-ci ilin sentyabrına qədər BAE-nin baş direktorunun seçkiləri baş tutmuşdur. Səsverməyə əsasən Rusiya Dövlət Kitabxanasının Beynəlxalq şöbəsinin müdiri, Tərəfdaşlıq Proqramları Departamentinin direktor müavini İrina Vladimirovna Qayşun baş direktor seçilmişdir.

İclasın sonunda Azərbaycan Milli Kitabxanasının direktoru, prof. Kərim Tahirov çıxış edərək iclasda müzakirə olunan məsələlərə münasibətini bildirmiş, planlaşdırılan layihələrdə Azərbaycan Milli Kitabxanasının da fəal iştirak edəcəyini, həmçinin maraqlı təkliflərini diqqətə çatdırmışdır.

Bununla da illik iclas yekunlaşmışdır.

Daha sonra “Azərbaycan Milli Musiqi Kitabxanası” layihəsinin təqdimatı olmuş, eyni zamanda 20 sentyabr tarixində öz işinə başlamış “Milli kitabxanalar xalqların mənəvi yaddaşının qoruyucusudur” mövzusunda Beynəlxalq Elmi-Praktik Konfrans davam etmişdir.

Azərbaycan Milli Kitabxanasının direktoru, prof. Kərim Tahirov konfransın ikinci günündə qonaqları və bütün iştirakçıları salamlamış, konfransın işinə uğurlar arzulamışdır.

Konfransın davamında Türkiyə Milli Kitabxanasının baş direktoru Taner Beyoğlu “Rəqəmsal dünyada yeni kitabxana xidmətləri”, Vatikan Kitabxanasının direktoru Mauro Mantovani “Kitabxanalar və müasir insan inkişafı”, Bosniya və Herseqovina Milli və Universitet Kitabxanasının direktoru İsmət Ovçina “Kitabxanalar mənəviyyatımızın saxlanma mənbəyi kimi”, Belarus Milli Kitabxanasının direktoru Vadim Frantseviç Gigin “Belarus Milli Kitabxanasının Belarus Respublikasının tarixi dövlət siyasətinin formalaşmasında və inkişafında rolu”, Qazaxıstan Respublikası Milli Kitabxanasının direktoru, Qazaxıstan Kitabxanalar İttifaqının sədri Ospanova Bakıtcamal Kairbekovna “Qazaxıstan Respublikasının Milli Kitabxanası və onun Qazaxıstanın sənədli mədəni-tarixi irsinin qorunmasında rolu”, M.I.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının Kitabxana işi üzrə baş direktor müavini, pedaqoji elmlər namizədi, “Rusiya Mütaliə Assosiasiyası” regionlararası ictimai təşkilatının vitse-prezidenti Belokolenko Maria Vladimirovna “Kitab və mütaliə mədəniyyəti mərkəzləri” təşkilatlararası layihə: konsepsiya və ilk nailiyyətlər”, Udmurt Respublikası Milli Kitabxanasının direktoru Tensina Tatyana Vladimirovna “Udmurt Respublikası Milli Kitabxanası udmurt xalqının mədəni yaddaşının qorunması və təbliğində”, Moldova Respublikası Milli Kitabxanasının direktoru Elena Pintilei “Mədəni və ictimai diplomatiya. Yanaşmalar və fikirlər. Moldova Respublikası Milli Kitabxanasının təcrübəsi”, Başqırdıstan Respublikası Əhmet-Zəki Validi adına Milli Kitabxananın İnformasiya və İnnovativ Texnologiyaların İnkişafı üzrə direktor müavini Bayzigitov Radmir Uraloviç “Kitabxana sektorunda rəqəmsal innovasiyalar” və digər xarici və respublikanın aparıcı kitabxana işçiləri tərəfindən müxtəlif mövzularda məruzələr olmuşdur.

Sonda Azərbaycan Milli Kitabxanasının direktoru, prof. Kərim Tahirov çıxış edərək məruzəçilərə maraqlı çıxışlara görə təşəkkürünü bildirmiş, qeyd etmişdir ki, bu cür konfranslar vasitəsilə dünyanın ən aparıcı kitabxanaları yaxınlaşır, bu tədbirlər təcrübə mübadiləsində, kitabxana işinin və ümumilikdə mədəni əlaqələrimizin inkişafında böyük rol oynayır. Natiq beynəlxalq tədbirlərin bundan sonra da mütəmadi şəkildə təşkil edilməsinin vacibliyini vurğulamış, onları birgə əhəmiyyətli layihələrin həyata keçirilməsinə dəvət etmişdir. Bununla da konfrans öz işini yekunlaşdırmışdır.

Qeyd edək ki, tədbirlər çərçivəsində qonaqlar həmçinin Azərbaycan Milli Kitabxanasının iş təcrübəsi ilə tanış olmuşlar.

icon

Foto qalereya