close
icon E-kataloq və kitabxana

Milli Kitabxana Avrasiya Kitabxanalar Assambleyasının XXIV ümumi onlayn iclasında iştirak edib

25-11-2020

Videokonfransı giriş sözü ilə Rusiya Dövlət Kitabxanasının baş direktoru Vadim Valeryeviç Duda açaraq konfrans iştirakçılarını salamlamışdır.

Videokonfransda Avrasiya Kitabxanalar Assambleyasının (BAE) prezidenti, Rusiya Dövlət Kitabxanasının baş direktorunun müavini Aleksandr İvanoviç Vislıy, Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov, BAE-nin baş direktoru Mariya Vladimirovna Neryuyeva, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Özbəkistan, Ermənistan respublikalarının Milli Kitabxanalarının direktorları və digərləri iştirak etmişlər.

Onlayn konfransda MDB-yə üzv dövlətlərin ərazilərində dərc olunan çap məhsullarının məcburi nüsxələrinin elektron formada Milli Kitabxananalara göndərilməsinə vahid yanaşmanın müəyyən olunması üzrə tövsiyələrin layihəsi müzakirə olunmuşdur.

Bu məsələ üzrə çıxış edən Azərbaycan Milli Kitabxananın direktoru, professor Kərim Tahirov ilk əvvəl bu gün Azərbaycanın bir möhtəşəm zəfər tarixini yaşadığını, 30 il Ermənistanın işğal altında saxladığı əzəli Azərbaycan torpaqlarının müzəffər ordumuzun və onun Ali Baş Komandanı, Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə düşmən tapdağından azad olunmasının böyük sevincini yaşadığını tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Natiq bu günlərdə cənab Prezidentimizin erməni işğalından azad olunan Füzuli, Cəbrayıl və Ağdam rayonlarında olduğunu və bütün dünyaya nümayiş olunan video görüntülərdə işğaldan azad olunan ərazilərdə bütün bina və qurğuların və infrastruktur obyektlərinin, o cümlədən həmin ərazilərdə fəaliyyət göstərən 975 kitabxananın və onların  fondlarında saxlanılan 4,6 milyondan çox nüsxə qiymətli kitab fondlarının yerlə yeksan olunduğunu, vəhşicəsinə yandırıldığını xüsusilə vurğulamışdır.

Sonra müzakirə olunan məsələ üzrə fikirini bildirən K.Tahirov çap məhsullarından məcburi nüsxələrin elektron formada təqdim olunmasının MDB dövlətləri arasında ilk təşəbbüskarlarından birincisi olan Azərbaycanda bu məsələnin artıq həll olunduğunu və Azərbaycan Respublikası Prezidentinin hələ 2019-cu ildə imzaladığı sərəncamla Milli Kitabxanaya çap əsərlərinin məcburi nüsxələrinin elektron formatda verilməsini qanunvericilik qaydasında təsbit edildiyini bildirmişdir. O, həmçinin elektron variantın kitabxanalara təqdim olunma müddətinin 30 gündən 10 günə endirilməsini təklif etmişdir.

Bundan sonra, K.Tahirovun sözlərindən əndişələnən Ermənistan Milli Kitabxanasının direktoru söz alaraq bu tədbirin siyasiləşdirilməsinə öz etirazını bildirmiş və belə hallara yol verilməməsini sədrdən xahiş etmişdir.

Sonra tədbirdə BAE çərçivəsində iştirakçı ölkə kitabxanalarının 1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 75-ci ildönümü ilə əlaqədar həyata keçirdiyi layihələrdən, MDB ölkələrindən olan mütəxəssislərin Beynəlxalq Uşaq Kitabları Şurasının 37-ci Ümumdünya Konqresində iştirakından bəhs olunmuşdur.

Daha sonra iclasda növbəti 4 il üçün BAE prezidentinin və vitse-prezidentlərinin seçkisi baş tutmuşdur.

Onlayn konfransın sonunda Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanasının direktorunun təklifi ilə BAE-nin növbəti XXV Ümumi İclasının 2021-ci ilin aprelində Özbəkistanın Daşkənd şəhərində keçirilməsi qərara alınmışdır.