close
icon E-kataloq və kitabxana

Milli Kitabxana “Akademik Arif Paşayev” adlı virtual və eyniadlı ənənəvi sərgi təqdim edib

15-02-2024

Arif Mir Cəlal oğlu Paşayev 1934-cü il fevral ayının 15-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1941-1951-ci illərdə Bakı şəhər 164 saylı orta məktəbi bitirmiş, 1951-1954-cü illərdə Moskva Elektrotexnika Rabitə İnstitutunun tələbəsi olmuşdur.

   1954-1957-ci illərdə Odessa Elektrotexnika Rabitə İnstitutunda radiofizika ixtisası üzrə təhsil almış, 1959-cu ildən AMEA-nın Fizika İnstitutunda elmi fəaliyyətə başlamışdır. Görkəmli alim 1960-1964-cü illərdə Moskvada “QİREDMET” İnstitutunda aspirant olmuş, 1966-cı ildə isə “Yüksək və ifratyüksək tezliklərdə yarımkeçiricilərin parametrlərini ölçmək üçün kontaktsız üsul və cihazların işlənməsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. Elmi axtarışlarını uğurla davam etdirən alim 1978-ci ildə “Yarımkeçiricilərin tədqiqin- də qeyri-dağıdıcı üsulların fiziki əsasları, inkişaf prinsipləri və tətbiqi perspektivləri” mövzusunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsinə layiq görülmüşdür.

Akademik yüksək və ifratyüksək tezlikli diapazonlarda materialların zədəsiz tədqiqatlarının fiziki əsaslarını yaratmış, zədəsiz nəzarət yarımkeçiricilər fizikasının və ölçmə istiqamətlərinin elmi əsaslarının inkişafı, yeni istiqamətlərin yaradılması və onların tətbiqi ilə məşğul olmuşdur. Akademik Arif Paşayev 300-ə yaxın elmi əsərin, 15-dən artıq kitabın və monoqrafiyanın müəllifidir. Alim 30-dan çox ixtiraya görə müəlliflik şəhadətnaməsi və sənaye nümunələri almış, medallar və diplomlarla təltif olunmuşdur.

Bundan əlavə, akademik Arif Paşayev Azərbaycan Respublikasının Dövlət mükafatına, fizika sahəsindəki yüksək nailiyyətlərinə görə “SSRİ-nin ixtiraçısı” medalına, akademik Y.Məmmədəliyev adına medala və İngiltərə Beynəlxalq Bioqrafiya Mərkəzinin qızıl medalına layiq görülmüş, “XXI əsrin tanınmış alimi” beynəlxalq diplomu ilə təltif edilmişdir. Azərbaycanda elmin, təhsilin inkişafında yüksək xidmətləri olan akademik Arif Paşayev Vətənimizin yüksək mükafatları ilə – “İstiqlal”, “Şərəf ” və “Şöhrət” ordenləri ilə təltif olunmuşdur.

Arif Paşayev Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının Ekspert Şurasının, Tbilisi Texniki Universitetində Ərazi Şurasının üzvü, AMEA-da cihazqayırma üzrə Elmi Şuranın sədri, Azərbaycan Milli Aerokosmik Agentliyi və Milli Aviasiya Akademiyası nəzdində birləşmiş ixtisaslaşdırılmış şuranın həmsədri, Dövlətlərarası Aviasiya Komitəsi nəzdində aviasiya mütəxəssislərinin hazırlanması üzrə əlaqələndirmə şurasının üzvüdür.

Arif Paşayev ilk dəfə yarımkeçirici materialların elektrofiziki parametrləri- nin kontaktsız ölçülməsi üsullarının elmi əsaslarını işləmiş və bu üsulları reallaşdıran elmi cihazlar yaratmışdır. Onun rəhbərliyi altında 10-dan çox aspirant və dissertant namizədlik dissertasiyası müdafiə etmişdir. Eyni zamanda iki doktorluq dissertasiyasının məsləhətçisi, Rusiyada, Ukraynada, Latviyada, Estoniyada və Azərbaycanda müdafiə olunmuş bir çox doktorluq dissertasiyaları üzrə  rəsmi opponent kimi çıxış etmişdir. 1971-ci ildən 1996-cı ilədək AMEA-nın Fizika İnstitutunun “Zədəsiz ölçmə və nəzarətin fiziki üsulları” laboratoriyasına rəhbərlik etmişdir.

Akademik Arif Paşayevin Azərbaycanda aviasiya sahəsi üçün ixtisaslı kadrların hazırlanması sahəsində də xüsusi xidmətləri vardır. Görkəmli alim 1996-cı ildən indiyədək “Azərbaycan Hava Yolları” Dövlət Konserninin Milli Aviasiya Akademiyasının yaradıcısı və rektorudur.

Milli Kitabxananın əməkdaşları tərəfindən “Akademik Arif Paşayev”  adlı virtual və eyniadlı ənənəvi sərgi hazırlanıb.

Virtual sərgidə rəsmi sənədlər, fotolar, dövri mətbuat səhifələrində haqqında dərc olunan məqalələr, müəllifi olduğu kitablar və haqqında yazılan kitablar nümayiş olunur.  

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Akademik_Arif_Pasayev/index.htm   linkindən istifadə edə bilər.

Eyni zamanda Milli Kitabxanada akademikin yaradıcılığını əks etdirən ənənəvi kitab  sərgisi açılıb.    

Ənənəvi sərgi 1 həftə davam edəcək.

icon

Foto qalereya