07-03-2024
İqtisadi, ictimai və siyasi bərabərlik uğrunda mübarizədə qadınların beynəlxalq həmrəylik günü olan 8 Mart Beynəlxalq Qadınlar Günü bayram kimi hər il müxtəlif dünya dövlətlərində, eləcə də respublikamızda təntənəli şəkildə qeyd olunur. Bu günün qeyd edilməsi qərarı alman siyasətçisi, hüquq müdafiəçisi, jurnalist Klara Setkinin təklifi ilə 1910-cu ildə Kopenhagendə keçirilən iclasda qəbul olunub. 1977-ci ildə BMT bu günü qadın günü kimi rəsmiləşdirib.
Tarix boyu Azərbaycanda qadına– anaya daim böyük ehtiram və hörmət bəslənib. Müdrik hökmdar, cəsur sərkərdə, istedadlı şair və sənətkar qadınlarımızın adları çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb. Hələ ötən əsrdə qadın hüquqlarının qazanılması və qorunması yolunda misilsiz uğurlar əldə etmiş Azərbaycan qadını bu gün artıq ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni həyatının fəal iştirakçısı olub. Elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə qazandığı nailiyyətlər Azərbaycan qadınının çox böyük potensiala malik olduğunu təsdiq edib.
8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Milli Kitabxananın əməkdaşları tərəfindən “8 Mart – Beynəlxalq Qadınlar Günü” adlı virtual sərgi, həmçinin eyniadlı ənənəvi kitab sərgisi hazırlanıb.
Virtual sərgidə tarixdə və müasir Azərbaycanın ictimai-siyasi həyatında iz qoymuş, əhəmiyyətli rol oynamış məşhur qadınlar, onların həyat və yaradıcılığına dair ədəbiyyat, analar, qadınlar haqqında yazılmış kitablar, dövri mətbuat səhifələrində dərc olunmuş məqalələr və fotolar nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/8_Mart_Beynelxalq_Qadinlar_Gunu/index.htm linkindən istifadə edə bilərlər.