Aprelin 13-də Azərbaycan Respublikasının Mədəniyyət naziri cənab Əbülfəs Qarayev respublikanın bir sıra kitabxanalarının rəhbərləri ilə telekonfrans keçirmişdir. Telekonfransda nazirliyin müvafiq şöbəsinin, Milli Kitabxananın, Respublika Uşaq və Gənclər kitabxanalarının, Bakı və Sumqayıt şəhərlərinin, Ağcabədi, Sabirabad, Kürdəmir, Quba rayon Mərkəzi Kitabxanalarının rəhbərləri iştirak etmişlər. Əvvəlcə cənab Nazir çıxış edərək koronavirus təhlükəsi ilə əlaqədar Cənab Prezidentimizin təşəbbüsü ilə həyata keçirilən qabaqlayıcı tədbirlər çərçivəsində müvəqqəti fəaliyyətini dayandıran kitabxanaların yeni şəraitdə fəaliyyət istiqamətləri barədə, çətin şəraitə uyğun olaraq nazirliyin həyata keçirdiyi “Evdə qal, evdə yarat”, “Evim, mənim yeni iş yerim”, “Evdə yarat, evdə qazan” layihələri çərçivəsində görülən işlərdən danışdı. Eyni zamanda cənab Nazir Azərbaycan Milli Kitabxanasının və Respublika Uşaq Kitabxanasının onlayn xidmətlərinin təşkilindən və həyata keçirdiyi layihələrdən bəhs etdi.
Sonra isə cənab Nazir bu çətin vəziyyətdə kitabxanaların qarşısında duran mühüm vəzifələrdən danışdı və onlara işlərini daha səmərəli qurmaq məqsədilə öz dəyərli tövsiyələrini çatdırdı və onlayn xidmətlərin genişləndirilməsi istiqamətində yeni göstərişlər verdi. Daha sonra Mədəniyyət nazirinin birinci müavini cənab Vaqif Əliyev, Milli Kitabxananın direktoru Kərim Tahirov, Respublika Uşaq və Gənclər kitabxanalarının direktorları Şəhla Qəmbərova və Oruc Quliyev, Bakı şəhər Regional Mədəniyyət idarəsinin şöbə müdiri, Sumqayıt şəhər və Ağcabədi rayon MKS-lərinin direktorları çıxış edərək koronavirus təhlükəsi şəraitində öz evlərini yeni iş yerinə çevirərək gördükləri işlərdən və həyata keçirdikləri layihələrdən danışdılar. Sonda cənab Nazir çıxış edərək Milli Kitabxana vasitəsilə belə telekonfransların bütün zonalar üzrə keçirilməsi, kitabların əhali arasında daha geniş təbliğinə nail olmaq məqsədilə informasiya xarakterli məlumatların oxuculara çatdırılmasının təşkili və yeni elektron bazaların yaradılması, yeni layihələrin reallaşdırılması istiqamətində işlərin aparılması barədə göstərişlərini verdi.