close
icon E-kataloq və kitabxana

Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar kitab və fotosərginin, Xalq rəssamı Mikayıl Abdullayevin anadan olmasının 100 illiyinə həsr olunmuş rəsm sərgisinin açılışı keçirilib

03-03-2021

Mart ayının 3-də İstanbulun Maltəpə Bələdiyyəsinin Türkan Saylan Mədəniyyət Mərkəzində Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar kitab və fotosərginin, Xalq rəssamı Mikayıl Abdullayevin anadan olmasının 100 illiyinə həsr olunmuş rəssamın Türkiyədəki əsərlərindən ibarət rəsm sərgisinin açılışı keçirilib.

İstanbulun Maltəpə Bələdiyyəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 05 yanvar 2021-ci il tarixli sərəncamı ilə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyi münasibətilə Azərbaycan Milli Kitabxanasının fonduna məxsus dahi Azərbaycan şairi Nizami Gəncəvi yaradıcılığını əhatə edən geniş kitab sərgisi açılıb. Sərgidə Nizami Gəncəvinin Azərbaycan və xarici dillərdə olan əsərləri, yaradıcılığı haqqında kitablar və fotolar nümayiş olunub.

Tədbirdə çıxış edən Anar Kərimov nazir kimi ilk səfərinin qardaş Türkiyəyə təşkil edilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. Ölkələrimizin çoxtərəfli sıx əlaqələrinin mədəniyyət sahəsini də əhatə etdiyini vurğulayan Nazir bu əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük imkanların olduğunu bildirib. Səfər zamanı keçirilən görüşlərdə iki ölkə arasında birgə layihələrin həyata keçirilməsi, o cümlədən kino sahəsində əməkdaşlıq məsələlərinin gündəmə gəldiyini diqqətə çatdıran Nazir bu mövzunun Türkiyənin kino sahəsi nümayəndələri ilə ətraflı müzakirə olunacağını deyib. Görüş zamanı azərbaycanlı incəsənət xadimlərinin qardaş ölkədə yaradıcılıq və pedaqoji fəaliyyəti, Azərbaycan mədəniyyəti və incəsənətinin təbliği istiqamətində görülən işlər, Azərbaycanın Mədəniyyət Nazirliyinin də dəstəyi ilə reallaşa biləcək layihələr barədə fikir mübadiləsi aparılıb. Nazir azərbaycanlı incəsənət xadimlərinin fikir və təkliflərini dinləyib, ortaya çıxan bəzi problemlər və onların həlli yolları barədə müzakirələr aparılıb.

Tədbirdə Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, ölkəmizin İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, Xalq artisti, dirijor, İstanbul Konservatoriyasının müəllimi Ramiz Məlikaslanov, Xalq artisti, tanınmış balaban ifaçısı Əlixan Səmədov, Əməkdar incəsənət xadimi, rəssam, İstanbul Yeditəpə Universitetinin müəllimi Teymur Rzayev, Əməkdar incəsənət xadimi, aktrisa, İstanbul Şəhər Bələdiyyə Teatrının rejissoru Məlahət Abbasova, Əməkdar incəsənət xadimi, rəssam Rafiq Əziz, Əməkdar rəssam Yaşar Zeynalov və digərləri iştirak edib.

Həmçinin, Xalq rəssamı Mikayıl Abdullayevin anadan olmasının 100 illiyinə həsr olunmuş rəssamın Türkiyədəki əsərlərindən ibarət rəsm sərgisinin də açılışı keçirilib.

Daha sonra Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illiyinə həsr olunan TÜRKSOY-un sifarişi ilə “Mask-Kara” teatrı tərəfindən hazırlanan “Kimdir müqəssir” tamaşasının premyerası olub.

Tamaşa öncəsi TÜRKSOY tərəfindən hazırlanan “Teatr” almanaxı Azərbaycan Respublikasının Mədəniyyət Naziri cənab Anar Kərimova təqdim olunub.

icon

Foto qalereya