close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Knyaz Aslan” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub

25-12-2021

Milli Kitabxananın əməkdaşları tərəfindən görkəmli Azərbaycan şairi, publisisti, alimi Knyaz Aslanın həyat və yaradıcılığına həsr olunmuş “Knyaz Aslan” adlı virtual sərgi hazırlanıb.

Knyaz Aslan 1960-cı il dekabrın 25-də Gürcüstan Respublikası Başkeçid rayonunun Hamamlı kəndində anadan olub. 1979-cu ildə Hamamlı kənd orta məktəbini Qızıl medalla bitirib. Bakı Mədəni-Maarif Texnikumunu (1981-1983), Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsini (1983-1988), Bakı Dövlət Universitetinin İctimai peşələr fakültəsinin jurnalistika bölməsini (1985-1987), Azərbaycan Jurnalistlər Birliyi nəzdindəki Jurnalist Sənətkarlığı İnstitutunu (1987-1989), Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini (1994-1998) fərqlənmə diplomları ilə başa vurub. Sonra Bakı Dövlət Universitetinin aspiranturasında təhsil alıb. “Şəxsiyyətin formalaşmasında bədii ədəbiyyatın rolu” mövzusunda dissertasiya işi müdafiə edib, pedaqogika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi və dosent elmi adı alıb. “Azərbaycan ədəbiyyatı klassiklərinin irsində kitab və mütaliə məsələləri” mövzusunda doktorluq dissertasiyasını başa çatdırıb.

Knyaz Aslan 1992-1995-ci illərdə Müdafiə Nazirliyinin “Azərbaycan Ordusu” qəzetinin əməkdaşı və “Hərbi Nəşriyyat”ın redaktoru olub. İşğalçı Ermənistana qarşı savaşın iştirakçısı, Qarabağ müharibəsi veteranıdır.

Alim bir müddət Azərbaycan MEA Beynəlxalq Münasibətlər İnstitutunun və Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçisi olub.

Knyaz Aslan 2012-ci ildən Bakı Dövlət Universitetinin Kitabşünaslıq və Nəşriyyat işi kafedrasının müdiridir. Bakalavriat və magistratura səviyyələrində “Redaktənin əsasları”, “Ədəbiyyat növlərinin redaktəsi”, “Redaktor sənətinin aktual problemləri”, “Dünya kitab tarixi”, “Elektron nəşriyyatlar” və s. kimi ixtisas fənlərindən mühazirə dərsləri aparır.

2017-ci ildən Birləşmiş Millətlər Təşkilatı yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü – akademikidir.

Tanınmış alimin tədqiqat sahəsinə dünya kitab və kitabxanalarının tarixi, ədəbiyyat klassiklərinin həyatında kitabın rolu, jurnalistika, ənənəvi və elektron nəşriyyat işi və s. kimi aktual mövzular daxildir. O, ABŞ, Türkiyə, İsveç, Rusiya, Ukrayna, İran, Qazaxıstan və başqa ölkələrdə keçirilmiş beynəlxalq simpozium və konfranslarda elmi məruzələrlə çıxış edib.

Knyaz Aslan çoxsaylı elmi-nəzəri, ədəbi-publisistik məqalənin, 5 monoqrafiyanın, 30-dan artıq elmi, tədris və bədii kitabın müəllifidir. Bir çox monoqrafiya, dərslik və dərs vəsaitlərinin ön sözünün müəllifi, rəyçisi və redaktorudur. Şairin şeirləri rus, ingilis və alman dillərinə tərcümə olunub.

O, Mədəniyyət Nazirliyi və Milli Kitabxana tərəfindən ilk dəfə hazırlanaraq 2015-ci ildə nəşr edilmiş Azərbaycan Kitabxana Ensiklopediyasının redaksiya heyətinin üzvü və müəlliflərindən biridir.

Təsisçisi və baş redaktoru olduğu “Kitabşünaslıq və redaktor sənəti” elmi-nəzəri və təcrübi-metodik jurnаlı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının reyestrinə daxil edilib.

Knyaz Aslan Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı və “Bakı Dövlət Universitetinin 100 illiyi” yubiley medalı ilə təltif edilib. “Xarı bülbül” və “Nizami Gəncəvi” medallarına layiq görülüb.

O, Azərbaycan Jurnalistlər, Yazıçılar, Aşıqlar Birliklərinin üzvü, Nizami Gəncəvi, Həsən bəy Zərdabi, Ömər Faiq Nemanzadə, Sergey Yesenin, Abdulla Şaiq, Şəhriyar, “Qızıl Qələm”, “Ustad”, “Kamil sənətkar”, “Səhər” və başqa mükafatlar laureatıdır. “İlin alimi” və “Azərbaycan Respublikasının Qabaqcıl təhsil işçisi” fəxri adlarının sahibidir.

(https://az.wikipedia.org/wiki/Knyaz_Aslan#M%C3%BCkafatlar%C4%B1)

Təqdim olunan virtual sərgidə Knyaz Aslanın Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunması haqqında rəsmi sənəd, layiq görüldüyü mükafatlar, müəllifi, redaktoru, layihə rəhbəri, tərtibçisi olduğu kitablar, eləcə də dövri mətbuat səhifələrində çıxan məqalələri, fotoları nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Knyaz_Aslan/index.htm linkindən istifadə edə bilərlər.