13-01-2023
Yanvarın 13-də Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə Xalq yazıçısı, akademik Kamal Abdullanın və AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyevin müəllifləri olduğu “Kitabi-Dədə Qorqud” və qeyri-səlis məntiq” və Milli Kitabxananın “Azərbaycanın görkəmli şəxsiyyətləri” layihəsi çərçivəsində nəşr etdiyi “Lütfi Zadə. Biblioqrafiya” kitablarının təqdimat mərasimi keçirilib.
Tədbirdə qeyri-səlis məntiq nəzəriyyəsindən, bu istiqamətdə Lütfi Zadənin gördüyü əvəzsiz işlərdən, 1965-ci ildə reallıqla fantastikanın harmoniyasından yaranmış qeyri-səlis məntiq nəzəriyyəsini ərsəyə gətirməsindən, Rafiq Əliyevin Lütfi Zadə nəzəriyyəsinə qatdığı yeni ideyalardan, əldə etdiyi mühüm nəticələrdən, Kamal Abdullanın qorqudşünas alim kimi tədqiqatlarından, Dədə Qorquda qeyri-səlis məntiqi yanaşmadan bəhs edilib.
Təqdimat zamanı bildirilib ki, “Kitabi-Dədə Qorqud” və qeyri-səlis məntiq” kitabında qeyri-səlis məntiq nəzəriyyəsində söylənilən dörd sütun – ümumi məntiq sütunu, qeyri-səlis çoxluqlar sütunu, epistemik (epistemoloji) sütun və münasibətlər sütunu haqqında yazılıb və nəşrdə ilk dəfə olaraq qeyri-səlis məntiq prinsipləri xalq dastanına tətbiq edilib.
Mərasimdə Azərbaycan Milli Kitabxanasının “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından tərtib etdiyi ilk fundamental biblioqrafiya olan “Lütfi Zadə” biblioqrafiyasından bəhs edilib və görkəmli alimin həyat və fəaliyyətinin əsas tarixləri, görkəmli şəxsiyyətlərin onun haqqında fikirlərinin ayrıca bölmədə verildiyi qeyd edilib. Bundan başqa biblioqrafiyada görkəmli elm xadimi Lütfi Zadənin kitablarının, dövri mətbuatda, məcmuələrdə çap olunmuş əsərlərinin, alimin həyat və yaradıcılığını əks etdirən zəngin ədəbiyyatının Azərbaycan, rus, ingilis və başqa xarici dillər üzrə əks olunduğu söylənilib.
Təqdimat mərasiminin sonunda tədbir iştirakçıları kitab sərgisi ilə tanış olublar.