23-04-2023
23 Aprel – “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” kimi qeyd olunur. “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” YUNESCO-nun 1995-ci il noyabrın 15-də Parisdə keçirilən 28-ci sessiyasında elan edilmişdir. Bu tarix dünya ədəbiyyatında simvolik tarixdir. Uilyam Şekspir, Migel Servantes və İnka Qarsilaso dela Veqa kimi bir sıra görkəmli müəlliflərin vəfat etdiyi gündür. Həmin tarix kitablara və müəlliflərə dünya miqyasında ehtiram göstərmək, hər kəsi bəşəriyyətin məkan və zaman sərhədlərini aşaraq ideyaları paylaşmaq üçün ən gözəl ixtira, həmçinin yoxsulluğun aradan qaldırılması və sülhün bərqərar edilməsinin başlıca qüvvəsi olan – kitabları əldə etməyə təşviq etmək məqsədi ilə 1995-ci ildə Parisdə keçirilmiş YUNESCO-nun Baş Konfransının təbii seçimi idi.
Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününün qeyd edilməsi kitablardan və mütaliədən zövq almağı təşviq edir. Keçmişlə gələcək arasında əlaqə, nəsillər və mədəniyyətlər arasında bir körpü olan kitabın sehirli gücünü tanımaq üçün hər il 23 Aprel tarixində bütün dünyada tədbirlər keçirilir.
Azərbaycan Respublikasında da bu əlamətdar tarix 1997-ci ildən qeyd olunur.
Bu münasibətlə, Milli Kitabxananın əməkdaşları tərəfindən “23 Aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ günü” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə fotolar, mövzu ilə əlaqədar kitab və dövri mətbuatda dərc olunan məqalələr nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Umumdunya_Kitab_ve_Muelliflik_Huququ_Gunu/index.htm linklərindən istifadə edə bilərlər.