06-10-2021
Bakı şəhərində oktyabrın 6-dan 10-dək Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası öz fəaliyyətinə başlayıb.
Respublika Prezidentinin Azərbaycanda 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında müvafiq Sərəncamının icrası ilə əlaqədar Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planına uyğun olaraq, sərgi-yarmarka dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunub.
Açılış mərasimində Baş nazirin müavini Əli Əhmədov bütün oxucuları kitab bayramı münasibətilə təbrik edib. Bildirib ki, Azərbaycanda belə sərgi-yarmarkaların keçirilməsi artıq bir ənənə halını alıb. Kitabın bəşəri dəyər olduğunu qeyd edən Baş nazirin müavini belə sərginin ölkəmizdə keçirilməsini yüksək qiymətləndirib.
Sərgi ilə bağlı təəssüratlarını bölüşən Mədəniyyət naziri Anar Kərimov qeyd edib ki, 14 illik tarixə malik, Bakı Beynəlxalq Kitab Sərgisi ölkəmizdə keçirilən müxtəlif sahələr üzrə beynəlxalq tədbirlər sırasında, cəmiyyət tərəfindən böyük maraqla qarşılanan və iştirakçı baxımından kütləviliyi ilə seçilən öncül festivallardan hesab olunur.
Nazir vurğulayıb ki, VII Bakı Beynəlxalq Kitab Sərgisində 12 ölkədən 43 xarici təşkilat, 121 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə iştirak edir və sərgi müddətində, müxtəlif formatda 200-dən çox tədbir təşkil olunacaq. Həmçinin Türkiyə və Rusiya daxil olmaqla, bir sıra ölkələrdən kitab işi sahəsində çalışan qonaqlar, Rusiya, Bolqarıstan, Gürcüstan, Özbəkistan və Qırğızıstan Milli Kitabxanaları sərgi-yarmarkada öz ölkələrinə dair ekspozisiya ilə iştirak edəcəklər.
Sərgidə uşaqlar üçün, Nizami Gəncəvi əsərlərinin motivləri əsasında kukla tamaşaları, “uşaq aləmi”, nağıl saatları, uşaq yazarları ilə görüşlər, uşaqlar və böyüklər üçün master-klaslar, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları və musiqi proqramları təşkil ediləcək. Azərbaycanın xalq yazıçıları və şairləri, tanınmış gənc yazarlar və məşhur xarici yazıçılar və aktyorlar sərgidə iştirak edəcəklər.
Sərgi zamanı Milli Kitabxananın “Nizami Gəncəvi əlyazmaları dünya kitabxanalarında” mövzusunda təşkil etdiyi sərginin açılışı və eyniadlı Elektron Məlumat bazasının təqdimatı keçirilib. Təqdimat mərasimində Mədəniyyət naziri cənab Anar Kərimov, Baş nazirin müavini Əli Əhmədov, Təhsil naziri Emin Əmrullayev, Türkiyənin Mədəniyyət və Turizm nazirinin müavini Əhməd Misbah, professor Anar İsgəndərov, professor Qəzənfər Paşayev və digər rəhbər və ziyalı şəxslər iştirak edib. Direktor Kərim Tahirov Milli Kitabxana stendində yaradılmış “Ulu Öndər Heydər Əliyevin Milli Kitabxanaya bağışladığı kitab kolleksiyasından”, “Nizami Gəncəvi əlyazmaları dünya kitabxanalarında layihəsindən”, “Nadir kitablar kolleksiyasından”, “Milli Kitabxananın Qızıl fondundan”, “Milli Kitabxananın nəşrləri” bölmələrindəki kitablarla tanış edib. Direktor Nizami Gəncəvinin dünya kitabxanalarından gətirilən əlyazmaları ilə xüsusilə, Topqapı, Tehran nüsxələrini onlara göstərib. O, vurğulayıb ki, Mədəniyyət Nazirliyi və Milli Kitabxana milli mənəvi dəyərlərimizin hamisi və təəssübkeşi olan Heydər Əliyev Fondunun və onun vitse prezidenti Leyla xanım Əliyevanın dəstəyi ilə artıq iki ildir ki, “Milli mənəvi dəyərlərimizin Vətənə qayıdışı” layihəsi çərçivəsində dünyanın milli kitabxanalarında və muzeylərində mühafizə edilən Azərbaycan ədəbiyyatının klassiklərinə mənsub olan qiymətli əlyazmaların müəyyən olunaraq onların elektron və kağız nüsxələrinin Milli Kitabxanaya gətirilməsi layihəsini həyata keçirir. Həmin layihə çərçivəsində Nizaminin, Nəsiminin, Füzulinin və digər Azərbaycanın müdrik şəxsiyyətlərinin əlyazmaları Milli Kitabxanaya gətirilib. Həmin əlyazmalarlada tanış olunub.
Tədbirin davamında Azərbaycan Milli Kitabxanası ilə M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat kitabxanası arasında Qarşılıqlı əməkdaşlığa dair Memorandum imzalanıb.
Bildirilib ki, hər iki ölkənin iqtisadi, siyasi sahədə inkişaf edən yaxınlığı mədəniyyət sahəsində də imzalanan bu memorandumdan sonra daha da möhkəmlənəcək.
M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat kitabxanasının baş direktoru Pavel Kuzmin Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirova öz nəşrlərindən hədiyyə və kitabxananın oxucu biletini simvolik olaraq təqdim edib. Direktor Kərim Tahirov da öz növbəsində Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə layihəsi əsasında hazırlanan “Nizami Gəncəvi 880” disk albomunu hədiyyə edib.
Tədbirlərdə Azərbaycan Milli Kitabxanasının dəvəti ilə gələn Rusiya, Bolqarıstan, Özbəkistan, Qırğızıstan, Gürcüstan Milli Kitabxanalarının əməkdaşları öz ölkələrinə dair ekspozisiya ilə təmsil olunublar.
Sonda iştirakçılarla xatirə şəkili çəkilib.
Sərgi yarmarka çərçivəsində tədbirlər davam edir.