close
icon E-kataloq və kitabxana

Keçən il əsas məqsədlərimizdən biri azad edilmiş torpaqlarda bərpa işinə başlamaq olmuşdur

18-04-2022

Qarabağı cənnətə çevirəcəyik. Artıq bütün göstərişlər verilib. Bütün işlər görülür, planlı şəkildə görüləcək və biz bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Məlumdur ki, 1988-ci ildən erməni təcavüzkarlarının işğalı nəticəsində Azərbaycan torpaqlarının 20%-ə qədəri zəbt edilmiş, qədim yaşayış məskənlərimiz, əkinçilik sistemi, bitkiçilik, heyvandarlıq sahələri dağıdılmış, bütövlükdə bölgədə bitki və heyvanat aləmi məhv olmaq təhlükəsinə məruz qalmış, ekoloji tarazlıq pozulmuşdur. Möhtərəm Prezidentin azad edilmiş ərazilərə səfərləri və yayılan videogörüntülər də bunu bir daha təsdiq etmişdir.

Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin qarşısında tab gətirə bilməyən Ermənistan silahlı qüvvələri hərbi cinayət törədərək mülki əhalini, şəhər, rayon və kəndlərimizi (Gəncə, Bərdə, Tərtər, Mingəçevir və sair) atəşə tutaraq öz xislətini göstərdi. Bu təcavüz nəticəsində bizim mülki əhaliyə, dövlət əmlakına, infrastrukturumuza, sahibkarlara çox ciddi ziyan vurulmuşdur. Bu zərərlərin qiymətləndirilməsi və gələcəkdə kompensasiya edilməsi məqsədilə Azərbaycan Prezidenti 6 noyabr 2020-ci il tarixli sərəncam imzalamışdır. Sərəncama əsasən Dövlət Komissiyası yaradılmışdır. Ötən müddət ərzində zərərçəkmiş vətəndaşların özlərinin iştirakı ilə obyektlərə baxış keçirilmiş və qiymətləndirmə aparılmışdır. Dövlət Komissiyası tərəfindən aparılmış qiymətləndirməyə əsasən 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistanın Azərbaycan ərazisinə təcavüzü nəticəsində kənd təsərrüfatı texnikası, məhsulları və heyvanları üzrə mülki əhaliyə, dövlət əmlakına və sahibkarlıq subyektlərinə dəymiş ziyan hesablanmış və onun məbləği 1 mln. 281,1 min manat müəyyənləşdirilmişdir. Məlumat Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatında yer almışdır. Ümumilikdə, 7 rayon (Ağdam, Ağcabədi, Bərdə, Tərtər, Füzuli, Cəbrayıl, Goranboy) üzrə 1560 baş iri və xırdabuynuzlu mal-qara, 34 baş at, 107 arı yeşiyi, 6701 ev quşu tələf olub, 14107 ot bağlaması yanıb, 31 kənd təsərrüfatı texnikasına ziyan dəyib.

Hazırda qarşıda dayanan əsas vəzifəmiz azad olunmuş ərazilərimizdə quruculuq-bərpa işlərinin həyata keçirilməsidir. Bu baxımdan, Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad olunmuş rayonlara mütəmadi səfərləri xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır.

Azərbaycan işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində genişmiqyaslı fəaliyyətə başlayıb. Artıq bir sıra istiqamətlərdə, xüsusən regionun enerji ilə təminatı, yol infrastrukturunun qurulması, dəmir yolu xətlərinin və hava limanlarının tikintisi sahəsində ciddi addımlar atılmaqdadır. Təbii ki, Prezident İlham Əliyevin həmin ərazilərə səfərləri zamanı yeni-yeni obyektlərin təməlinin qoyulması da işlərin ardıcıllıqla davam etdiyini göstərir.

Vətən müharibəsinin başa çatmasından ötən qısa müddətdə Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işləri bütün məziyyətləri ilə yanaşı, dövlətimizin gücünün təsdiqidir. Qısa müddətdə nəhəng infrastruktur layihələrinin icrasının başa çatdırılması torpaqlarımızın xilaskarı Prezident İlham Əliyevin böyük siyasi iradəsinin təcəssümüdür.

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 yanvar 2021-ci il fərmanı əsasında Qarabağ Dirçəliş Fondu yaradılmışdır.

2021-ci il həm növbəti möhtəşəm layihələrin təməlinin qoyulması, həm də icra edilən layihələrin başa çatdırılması ilə əlamətdar oldu. Güləbird Su-Elektrik Stansiyasının, 7 yarımtsansiyanın, Suqovuşan və Talışa gedən yolların istifadəyə verilməsi, Şuşanın su və elektrik təchizatının təmin edilməsi, Bülbülün ev-muzeyinin, Molla Pənah Vaqifin məqbərəsinin, o cümlədən büstünün, Üzeyir bəy Hacıbəylinin heykəlinin,  Xarıbülbül və Qarabağ hotellərinin açılışı göstərdi ki, işğaldan azad edilmiş ərazilərimizin bərpası həm də kompleks xarakter daşıyır. Zəfər yolu, Füzuli Beynəlxalq Hava Limanı kimi nəhəng və möhtəşəm layihələrin tam başa çatdırılması isə müharibədən yeni çıxmış dövlətimizin gücünü bir daha bütün dünyaya nümayiş etdirdi.

İşğaldan azad olunmuş ərazilərdə quruculuq və bərpa işlərinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən əsas istiqamətlər və verilən tapşırıqlar, məskunlaşma ilə bağlı gələcək tələbat və perspektivlər, yeni çağırışlar və konsepsiyalar nəzərə alınmaqla icra edilməsi, bu məqsədlə bütün qurumlar tərəfindən görülən işlərin İdarələrarası Mərkəz vasitəsilə əlaqələndirilməklə icra edilir.

44 günlük Vətən müharibəsi dövründə işğal olunmuş ərazilərdə mədəni irsimizə qarşı törədilən vandalizm aktları, habelə Gəncə, Bərdə və digər yaşayış ərazilərinə raket hücumları ilə əlaqədar Mədəniyyət Nazirliyi tərəfindən UNESCO və İCESCO-ya, BMT-nin Sivilizasiyalar Alyansına və 150 ölkənin Mədəniyyət Nazirliyinə müraciətlər ünvanlandı.

Müharibədən sonrakı dövrdə azad edilmiş torpaqlarda mədəni irsin vəziyyətinin müəyyənləşdirilməsi üçün həyata keçirilən ilkin monitorinqin nəticələrinə dair müvafiq hesabatlar UNESCO-ya göndərilmişdir.

Azərbaycanın işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi ilk missiya bu ərazilərdə kitabxanalar, mədəniyyət evləri, mədəniyyət mərkəzləri, klublar, muzeylər, uşaq musiqi məktəbləri daxil olmaqla, 180 mədəniyyət obyektini müəyyənləşdirib və onların hamısının tamamilə dağıdılmış vəziyyətdə olmasının şahidi olub. Azad edilmiş ərazilərdəki bütün məscidlər demək olar ki, dağıdılmış, bəziləri tövləyə çevrilmişdir.

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində müvəqqəti xüsusi idarənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli 1170 nömrəli Fərmanına uyğun olaraq, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində tarixi obyektlərin və mədəniyyətin ilkin inventarlaşdırılması və mühafizəsi məqsədilə abidələrin və mədəniyyət müəssisələrinin monitorinqi aparılmışdır. Həyata keçirilən tədbirlər çərçivəsində dövlət qeydiyyatında olan 312 tarix və mədəniyyət abidəsinin monitorinqi zamanı bu ərazilərdə dövlət qeydiyyatına alınmayan, tarixi, memarlıq və arxeoloji dəyərə malik 106 abidə müəyyən edilib. Monitorinq 30 illik işğal dövründə Ermənistan Respublikasının tarix və mədəniyyət abidələri ilə bağlı qanunsuz hərəkətlər etdiyi ərazilərin vəziyyətini müəyyən etməyə imkan verdi. İşğaldan azad edilmiş ərazilərdə məscidlərin, mədrəsələrin, məbədlərin nəinki məhv edildiyi, bir çox hallarda başqa məqsədlər üçün istifadə edildiyi müəyyən edilmişdir. Pənahəli xanın (XIX əsr) və Mehdiqulu xanın Ağdam şəhərində yerləşən məqbərələri dağıdılmış, abidələrə işğalçı Ermənistan tərəfindən ciddi ziyan dəymişdir. İbrahimxəlil xanın məzarı da (XIX əsr) tamamilə dağıdılmışdır. Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılan daşınmaz mədəni irsə İslam dini abidələri, yəni məscidlər, məqbərələr və digər ziyarət yerləri misal ola bilər. Zəngin mədəni irsə belə münasibət dünya irsinə qarşı təhlükə yaradır.

Azad edilmiş torpaqlarda Heydər Əliyev Fondunun dəstəyi ilə hazırda 8 məscidin əsaslı təmiri, bərpası və tikintisi həyata keçirilir. Ağdam Cümə məscidi, Şuşada Yuxarı Gövhər ağa, Aşağı Gövhər ağa, Saatlı məscidləri əsaslı təmir edilir. Şuşa şəhərində yeni məscidin inşasına start verilib. Zəngilan şəhərində, Hadrutda və Daşaltıda məscidlərin yenidən qurulması və tikintisinə başlanıb. Heydər Əliyev Fondunun işğaldan azd edilmiş torpaqlarda milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində həyata keçirdiyi işlər bununla bitmir.

Ermənilər tərəfindən dağıntılara məruz qalmış tarixi-memarlıq komplekslərinin bərpa və konservasiyası, bölgədəki bütün abidələrin aşkar edilərək qeydiyyata alınması üçün arxeoloji axtarış işlərinin aparılması qarşıda duran əsas vəzifələrdəndir.

Azərbaycan Respublikasının Dağlıq Qarabağ və onun ətrafındakı rayonların uzun müddət işğal altında saxlanılması nəticəsində həmin ərazilərdə bioloji müxtəlifliyə, o cümlədən flora və fauna növlərinə, xüsusi mühafizə olunan təbiət ərazilərinə ciddi zərər vurulmuşdur. Ərazilərin yandırılması, su resurslarının çirkləndirilməsi, əhalinin sudan qəsdən məhrum edilməsi, qiymətli ağac növləri ilə zəngin meşələr, eləcə də təbiət abidələri, yeraltı və yerüstü təbii sərvətlərin məqsədli şəkildə talan edilməsi nəticəsində ekoloji tarazlıq pozulmuşdur.

Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərin su və enerji potensialı kifayət qədər böyükdür. Azərbaycan postmüharibə mərhələsində bu potensialdan maksimum səmərə ilə və ekoloji normaları gözləməklə istifadə etmək niyyətindədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 14-də Füzuli rayonundakı Aşağı Köndələnçay su anbarında olublar. Ümumi tutumu 9,5 milyon kubmetr olan bu su mənbəyi 6200 hektar sahəni suvarmağa imkan verirdi. Xatırladaq ki, bu su anbarı Ulu Öndər Heydər Əliyevin göstərişi və təşəbbüsü ilə 1980-ci illərin əvvəllərində inşa edilib. 1993-cü ildə Füzuli rayonu erməni qəsbkarları tərəfindən işğal ediləndən sonra su anbarının Azərbaycan tərəfindən istismarı qeyri-mümkün olub. İşğal zamanı torpaqlarımızda ekoloji terror törədən ermənilər təsərrüfat işlərində suya ciddi ehtiyac olduğu mövsümlərdə suyun qarşısını kəsir, daşqınlar zamanı, yaxud suya ehtiyac olmayan vaxtlarda isə anbarlardan suyu buraxaraq ciddi problemlər yaradırdılar. Hazırda işğaldan azad edilmiş ərazilərdəki bütün su ehtiyatları araşdırılır, təhlil edilir. Həmin su mənbələrindən istifadə edilməsi gələcəkdə ölkəmizə böyük üstünlük qazandıracaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş “İşğaldan azad olunmuş ərazilərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 2021-2023-cü illər üzrə yerinə yetirilməsi nəzərdə tutulan işlərə dair Tədbirlər Planı”nda Dövlət Ekoloji Ekspertiza Agentliyinin fəaliyyəti ilə bağlı bir sıra tədbirlərin həyata keçirilməsi tapşırılmışdır.

Hazırda bərpa-quruculuq işləri uğurla davam edir. Təbii ki, bu işləri Azərbaycan öz gücü, öz vəsaiti hesabına həyata keçirir. Məqsəd isə işləri mümkün qədər tez başa çatdıraraq, köçkün vətəndaşlarımızı ləyaqətli şəkildə doğma yurdlarına qaytarmaqdır.

Prezident İlham Əliyev 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində 2022-ci ili “Şuşa İli” elan etdi. Belə bir Sərəncam, əslində, Azərbaycanın tarixən mədəniyyət paytaxtı olan Şuşanın beynəlxalq aləmdə tanıdılması baxımından çox önəmlidir. Prezidentin bu qərarı tarixi, siyasi və mənəvi baxımdan mühüm əhəmiyyətə malikdir və bir neçə strateji hədəfə çatmağa hesablanıb. İlk növbədə məqsəd Qarabağın tarixini dünya ictimaiyyətinə yeni çalarlarla çatdırmaqdır. Bu həm də o deməkdir ki, il ərzində əsas diqqət və resurslar ölkəmizin mədəniyyət paytaxtı olan Şuşanın bərpasına və yenidən qurulmasına yönəldiləcək. Təbii ki, bütün bunlar imkan verəcək ki, Şuşa və ətraf ərazilərə əhalinin qayıtması üçün bütün lazımi imkanlar yaradılsın və orada normal həyat bərpa edilsin. Bu halda 2022-ci ili Qarabağa qayıdışın önəmli mərhələsinin başlanğıc ili kimi də qəbul edə bilərik.

                                                                                                                                    Ədibə İsmayılova       

                                                                                         Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatı

                                                                                                     “Xəqani 57” ərazi partiya təşkilatının sədri