29-06-2022
İyunun 29-da Azərbaycan Milli Kitabxanasının Elmi-tədqiqat və metodik təminat şöbəsinin müdiri Aygün Koçak və Kolleksiyaların və informasiya resurslarının mühafizəsi şöbəsinin müdiri Şəhla Nağıyeva Qırğızıstan Respublikasının Karakol şəhərində keçirilən “Karakol – 2022-ci il Birliyin mədəniyyət paytaxtı” dövlətlərarası proqram çərçivəsində “Birlik ölkələrinin mədəni və təbiət irsi: kitabxanaların rolu və yeri” adlı MDB kitabxanaçılarının beynəlxalq konfransında iştirak ediblər.
Konfransı giriş sözü ilə Alıqul Osmonov adına Qırğızıstan Respublikasının Milli Kitabxanasının direktoru Nurjan İmankulova açaraq iştirakçıları salamlayıb və konfransın işinə uğurlar arzulayıb. O, “Qırğızıstan kitabxanaları ekoloji təhsil və mədəni dəyərlərin təbliği sistemində” adlı məruzə ilə çıxış edib.
Daha sonra Rusiya Dövlət Kitabxanası, B.N.Yeltsin adına Rusiya Prezident Kitabxanası, M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanası, Qərbi Qazaxıstan Həmzə Esenjanov adına Uşaq və Gənclər Vilayət Kitabxanası, T.Sıdıkbekov adına İssık-Kul Vilayət Kitabxanasının əməkdaşları müxtəlif mövzularla iştirak ediblər.
Azərbaycan Milli Kitabxanasının Elmi-tədqiqat və metodik təminat şöbəsinin müdiri Aygün Koçak “Azərbaycan Milli Kitabxanasının əhalinin ekoloji mədəniyyətinin formalaşmasında rolu” adlı məruzə və təqdimatla çıxış edib.