21-10-2021
Oktyabrın 22-də Azərbaycan xalça rəssamlığı sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı, professor Kamil Əliyevin anadan olmasının 100 illik yubileyi tamam olur.
Kamil Əliyev bütün ömrünü xalqımızın mədəniyyəti tarixində müstəsna yer tutan xalçaçılıq sənətinin parlaq ənənələrinin yaşadılmasına və inkişafına sərf etmişdir. Fitri istedada malik rəssam milli naxış elementlərindən uğurla bəhrələnərək rəngarəng dekorativ motivlər yaratmış, Azərbaycan xalçaçılığı və tətbiqi sənətini daim yeni ornamentlərlə zənginləşdirmişdir. Kompozisiya özünəməxsusluğu, rəng ahəngdarlığı və süjet əlvanlığı rəssamın Azərbaycan xalçaçılıq məktəblərinin xüsusiyyətlərini özündə cəmləşdirən çeşnilər əsasında toxunmuş xalçalarının başlıca səciyyəvi cəhətləridir.
Azərbaycan Respublikası Prezidentinin “Kamil Əliyevin 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamına və Mədəniyyət Nazirliyinin tədbirlər planına uyğun olaraq Milli Kitabxananın əməkdaşları tərəfindən “Kamil Əliyev – 100” adlı virtual sərgi hazırlanıb.
Virtual sərgidə Azərbaycanın görkəmli şəxsiyyətlərinin Kamil Əliyev haqqında fikirləri, Xalq rəssamı haqqında rəsmi sənədlər, fotolar, mükafatları, həyat və yaradıcılığı haqqında kitab və məqalələr nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Kamil_Eliyev_100/index.htm linkindən istifadə edə bilərlər.