15-08-2023
Bu il Əməkdar elm xadimi, professor Kamal Talıbzadənin 100 illik yubileyi qeyd olunur.
Kamal Talıbzadə 1923-cü il avqust ayının 14-də Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Abdulla Şaiqin ailəsində dünyaya gəlmişdir.
O, 1945-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsini bitirmişdir. 1945-ci ildən etibarən Azərbaycan Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstututunda elmi fəaliyyətə başlamışdır. Kamal Talıbzadə müxtəlif illərdə institutun şöbə müdiri, elmi işlər üzrə direktor müavini, direktor vəzifələrini icra etmişdir. 1948-ci ildə o, aspirantura təhsilini başa vuraraq “Abbas Səhhətin həyat və yaradıcılığı” mövzusunda dissertasiya müdafiə etmiş, 1949-cu ildə filologiya elmləri doktoru elmi dərəcəsini almışdır. 1972-ci ildə o, professor elmi adı almışdır. Kamal Talıbzadə Azərbaycan Dövlət Universitetinin (BDU), Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi olmuşdur.
Ədəbiyyatşünaslıq elminin bir çox istiqamətlərinin, xüsusilə ədəbi tənqidin tarixi və nəzəri sahələrinin yaranması və inkişafı Kamal Talıbzadənin adı ilə bağlıdır. Kamal Talıbzadə 1982-ci ildə Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür.
Elmi işindəki müvəffəqiyyətlərinə görə alim “Əməkdə fərqlənməyə görə” medalı, “Şöhrət” orden ilə təltif edilmişdir.
Akademik Kamal Talıbzadə 2006-cı il yanvarın 20-də Bakıda vəfat etmiş, Fəxri xiyabanda dəfn edilmişdir.
Yubiley münasibətilə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Kamal Talıbzadə-100” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə fotolar, Kamal Talıbzadə haqqında kitab və məqalələr, müəllifi, tərtibçisi və redaktoru olduğu kitablar nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Kamal_Talibzade/index.htm linkindən istifadə edə bilər.