23-29 oktyabr 2017-ci ildə İran İslam Respublikasının Təbriz şəhərində Beynəlxalq kitab sərgisi keçirilmişdir. Sərgidə 21 xarici ölkə: Türkiyə, Livan, Pakistan, İraq və digər ölkələrlə yanaşı Azərbaycan da iştirak edirdi.
Təşkilat komitəsinin verdiyi məlumata görə sərgidə 120 min çeşiddə - bunlardan 32 min çeşid nəşr tarixi 2017-ci il olan kitablar nümayiş olunurdu. 125 xarici ölkə və 980 İran naşirləri, 1500 televiziya və mətbu orqanları tədbir iştirakçıları sırasında idi. Ümumilikdə 7 gün davam edən sərgidə 6 500 000 ziyarətçi olmuşdur. Azərbaycanı sərgidə Azərbaycan Milli kitabxanasından direktor müavini Mələk Hacıyeva, “Apostroff” nəşriyyatından Akif Dənzizadə, “Parlaq imzalar” nəşriyyatından Nurman Tarik və Rəşad Həsənov təmsil ediblər.
Sərgi beş iri – Pərvin, Səhənd, Əmir-kəbir, Azərbaycan və Şəhriyar pavilyonlarında təşkil olunmuşdur. Şəhriyar pavilyonunda nümayiş olunan Azərbaycan stendində ölkəmizin tarixinə, ədəbiyyatına, mədəniyyətinə, iqtisadiyyatına, müsiqisinə, memarlığına dair 200-dən artıq kitab nümayiş olunurdu. Sərgi izləyiciləri arasında Azərbaycan stendinə xüsusi maraq, doğma baxış və isti münasibət hiss olunurdu. Azərbaycan stendi Təbriz televiziyası, Təbriz radiosu və digər mətbu orqanları tərəfindən geniş işıqlandırılmışdır.