16-07-2021
İyul ayının 16-da Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusu tərəfindən 44 günlük müharibə nəticəsində erməni işğalından azad olunmuş ərazilərimizdə 90-cı illərin əvvəllərinədək fəaliyyət göstərmiş kitabxanaların kitab fondlarının bərpası ilə əlaqədar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə keçirdiyi kitabtoplama kampaniyasına Türkiyə Cümhuriyyətinin İLESAM təşkilatı da qoşuldu.
Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun qazandığı böyük Qələbədən danışıb. O, bildirib ki, bu Zəfərin hər anında Türkiyə Cümhuriyyətinin qardaşlığını daim hiss etdik.
Direktor vurğulayıb ki, hörmətli Prezidentimiz cənab İlham Əliyevin işğaldan azad olunan rayonlara – xüsusilə Füzuliyə səfəri zamanı erməni işğalçıları tərəfindən tamamilə dağıdılmış evləri və binaları göstərərək dediyi “... biz bunların hamısını bərpa edəcəyik” çağırışına qoşulan Mədəniyyət Nazirliyi və Milli Kitabxana dirçəlməkdə olan işğaldan azad olunmuş ərazilərimizdə bərpa olunacaq kitabxanalar üçün kitabtoplama kampaniyasına başlamışdır. Bu layihəyə ilk olaraq hörmətli ziyalımız, Xalq yazıçısı Elçin qoşularaq öz şəxsi kitabxanasından ilkin olaraq 500-ə yaxın kitabı bu məqsədlə kitabxanaya təqdim etmişdir. Daha sonra çox sayda ziyalılarımız, oxucularımız, müxtəlif təşkilatlar bu layihəyə qoşularaq dəstəklərini göstəriblər.
Direktor sonra İLESAM Türk təşkilatı ilə Milli Kitabxana arasında 2017-ci ildə imzalanan müqavilənin əhəmiyyətini vurğulayaraq kitabxanada keçirilən tədbirləri iştirakçıların diqqətinə çatdırıb. O, bildirib ki, Azərbaycan Milli Kitabxanasının nəzdində fəaliyyət göstərən “Açıq kitabxana”da dəfələrlə İLESAM üzvü olan türk yazıçı və şairlərinin “Günlərdən Şeir” adlı birgə layihəsi çərçivəsində oxucularla görüşü keçirilmişdir. Bu gün isə İLESAM təşkilatı “Qarabağa kitabla gedək” layihəsinə qoşularaq 10 min nüsxə kitabı Qarabağ fonduna bağışlamışdır.
Sonra giriş sözü ilə Azərbaycan Respublikasının Mədəniyyət naziri Anar Kərimov çıxış etmişdir. O, bildirib ki, işğal altında olan dövr ərzində çoxsayda mədəniyyət abidələrimiz, eləcə də kitabxanalarımızı məhv olmuşdur. Bütün işğaldan azad olunan rayonlarda qalan 975 kitabxanamızın hamısının binaları tamamilə dağıdılaraq yerlə yeksan olunmuş, onların 4,6 milyon nüsxədən artıq qiymətli kitab fondları isə talan olunaraq yandırılmışdır. Mədəniyyət Nazirliyi olaraq Milli Kitabxana ilə birlikdə həmin kitabxanalar bərpa olunduqdan sonra fondlarının bərpası məqsədilə kitabtoplama kampaniyasına başladıq. Çox qürurverici haldır ki, bu layihəyə çoxsaylı ziyalılarımız, təşkilatlar qoşularaq öz şəxsi kitabxanalarında olan kitabları bu fonda bağışlamışdır. Azərbaycan xalqı bütün məsələlərdə olduğu kimi bu məsələdə də həmrəyliyini bir daha sübut etmişdir. Cənab Nazir Türkiyənin İLESAM təşkilatının rəhbərliyinə öz təşəkkürünü bildirərək qeyd edib ki, təqdim olunan kitablar tezliklə Qarabağda açacağımız kitabxanaların fondunda öz layiqli yerini tutacaqdır.
Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasında səfiri Cahid Bağcı çıxış edərək bildirib ki, Türkiyə dünəndə, bu gündə, sabahda qardaş Azərbaycanın yanında olacaq. Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə olduğu kimi mədəniyyət sahəsində də əməkdaşlığımız davam edir. Məhz bunun göstəricisidir ki, İLESAM təşkilatı “Qarabağa kitabla gedək” layihəsinə qoşularaq 10 min nüsxə kitabı fonda bağışlayıb. Kitabın ən gözəl hədiyyə olduğunu vurğulayan Səfir bu kitabların tezliklə Qarabağda açılacaq kitabxanaların fondunu bəzəyəcəyini bildirib.
İLESAM təşkilatının başqanı Mehmet Nuri Parmaksız çıxış edərək Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu vurğulayıb. O, bildirib ki, inanıram ki, təqdim olunan kitablar Qarabağ kitabxanalarının fondunu bəzəyəcək, oxucuların maariflənməsində mühüm rol oynayacaq. İLESAM başqanı Mehmet bəy çıxışının sonunda hədiyyə olunan kitablardan bir neçəsini simvolik olaraq Mədəniyyət Naziri cənab Anar Kərimova təqdim edib.
Tədbirin davamında Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev, Türkiyə Cümhuriyyəti Kültür və Turizm Bakanlığının Kitabxanalar və Yayımlar Baş idarəsinin Genel müdiri, Türkiyə Milli Kitabxanasının direktoru Əli Odabaş; Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva çıxış ediblər.
Eyni zamanda tədbirdə Mədəniyyət Nazirliyinin Kitab dövriyyəsi və Nəşriyyatlarla iş şöbəsini müdiri Akif Marifli; Kitabxanalar və Yayımlar baş idarəsində müdir müavini Taner Beyoğlu; Kitabxanalar və Yayımlar baş idarəsində bölmə rəhbəri Ahmet Aldemir; Kitabxanalar və Yayımlar baş idarəsində mədəniyyət və turizm məsələləri üzrə mütəxəssis Fatih Özdemir; Yazıçılar Birliyinin sədr müavini, 525-ci qəzetin baş redaktoru Rəşad Məcid; Yazıçılar Birliyinin katibi Elçin Hüseynbəyli; “Olaylar” İnformasiya Agentliyinin prezidenti Yunus Oğuz; TİKA təmsilçisi Teoman Tiryaki; Bakı Kitab Mərkəzinin direktoru Günel Anarqızı; Yazıçılar Birliyinin Mətbuat katibi Xəyal Rza və digərləri iştirak ediblər.
Tədbirin sonunda iştirakçılar işğaldan azad olunmuş ərazilərimizdə fəaliyyəti bərpa olunacaq kitabxanalar üçün kitabtoplama kampaniyası çərçivəsində Milli Kitabxanaya hədiyyə olunan kitabların sərgisi ilə tanış olublar.
Direktor Kərim Tahirov Türkiyəli qonaqlara “Azərbaycan Milli Kitabxanası: fotoalbom”, “Azərbaycan Respublikası Milli Atlas”, “Salam Azərbaycan”, “Azərbaycan xalçaları (azərbaycan, rus, ingilis dillərində)”, “Yunus Əmrə. Əsərləri” kitablarını və xüsusi suvenirləri hədiyyə edib.