close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada İçərişəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 20 illiyinin qeyd edilməsi ilə əlaqədar “İçərişəhər” adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olundu

07-12-2020

2020-ci ildə Azərbaycan xalqının milli sərvəti İçərişəhərin Şirvanşahlar sarayı kompleksi və Qız qalası ilə birgə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 20 illiyi tamam olur.

Qədimliklə müasirliyin memarlıq vəhdətində günü-gündən gözəlləşən paytaxtımız Bakının mərkəzində yerləşən, əsrlərdən qalma İçərişəhər öz yaddaşında ulu tarixi və zəngin mədəniyyəti yaşadır. Azərbaycan xalqının milli sərvəti və canlı tarixi olan İçərişəhər memarlığı və füsünkar gözəlliyi ilə bəşər mədəniyyəti inciləri sırasında xüsusi yer tutur. Son illərdə Azərbaycan dövlətinin diqqət və qayğısı sayəsində qədim şəhərin tarixi-mədəni irsinin mühafizəsi, bərpası, qoruq ərazisində yerləşən abidələrin bədii-estetik görkəminin, təhlükəsizliyinin, funksional təyinatının və uzunömürlülüyünün təmin edilməsi istiqamətində mühüm addımlar atılmışdır. 

İçərişəhər təkcə Azərbaycan üçün deyil, həm də bəşəri dəyər kimi yüksək qiymətləndirilən tarixi abidədir. Bunu UNESKO-nun Ümumdünya Maddi İrs Siyahısına İçərişəhərin Qız qalası və Şirvanşahlar Saray Kompleksi ilə birgə salınması da təsdiq edir. Azərbaycan memarlığının, Azərbaycan tarixinin bir hissəsi, xalqımızın maddi-mədəniyyət irsinin qiymətli nümunəsi olan bu abidələr UNESKO tərəfindən ümumdünya irsi kimi qəbul olunub. Bu da odlar yurdumuzun dünya mədəni irsinə çox gözəl bir töhfəsidir.

Təqdim olunan virtual sərgidə Azərbaycanın xalqının ümummilli lideri Heydər Əliyevin  İşərişəhər haqqında fikirləri, fotolar, İşərişəhərin tarixi, memarlığı haqqında kitablar və dövri-mətbuat səhifələrində dərc olunan materiallar əks olunub. Virtual sərgi ilə tanış olmaq istəyənlər  http://anl.az/el/vsb/Iceriseher/index.htm  linkindən istifadə edə bilərlər.