close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Hüseyn Cavid – 140” adlı elektron daycest virtual rejimdə istifadəçilərə təqdim edilib

21-07-2022

Bu il filosof şair, böyük dramaturq, Azərbaycan ədəbiyyatı tarixində romantizm ədəbi cərəyanının ən qüdrətli nüma­yəndələrindən biri Hüseyn Cavidin anadan olmasının 140 il­lik yubileyi qeyd edilir.

Milli poeziyamızda fəlsəfi lirikanın təkrarsız nümunələrini yaratmış Hüseyn Cavid mənzum faciələri və tarixi dramları ilə Azərbaycan dramaturgiyasında yeni mərhələ yaradıb. Onun yaradıcılığı Şərqin estetik fikir tarixi və dünya romantizm ənənələri ilə sıx bağlıdır.

Hüseyn Cavid yaradıcılığının tədqiq və təbliği Azərbaycanda dövlətin mədəniyyət siyasətinin ayrılmaz tərkib hissəsidir. Ulu öndər Heydər Əliyev 1982-ci ildə Cavidin nəşinin Sibirdən Bakıya qaytarılmasına nail olmuşdur. Lakin o, bundan sonra da ədibə mənəvi hamiliyini əsirgəməmiş, şairə ikinci bəraətini qazandırmışdır. Daha sonra Naxçıvanda və Bakıda Cavidin Ev Muzeylərinin yaradılması, məqbərəsinin ucaldılması, külliyyatının çap edilməsi, 100, 120 illik yubiley tədbirlərinin keçirilməsi də məhz Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də hakimiyyəti dövründə Hüseyn Cavid adının uca tutulması, ədibin xatirəsinin daim hörmət və ehtiramla yad edilməsi, Cavid yaradıcılığının dövlət səviyyəsində təbliği sahəsində bir çox işlər görülmüşdür.
“Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli sərəncamına əsasən Hüseyn Cavidin əsərləri 5 cilddə latın qrafikası ilə nəşr olunmuşdur. Prezident Cənab İlham Əliyevin müvafiq sərəncamları ilə Hüseyn Cavidin 125, 130, 135 illik yubileyləri yüksək səviyyədə qeyd olunmuş, Bakıdakı Ev muzeyi tərəfindən Hüseyn Cavidin bir çox əsərləri Azərbaycan dilində və bir çox xarici dillərdə hazırlanaraq nəşr edilmişdir; Hüseyn Cavidin həyat və yaradıcılığı barədə materialları əks etdirən 30 cildlik “Cavidşünaslıq” araşdırmalar toplusu ərsəyə gətirilmiş, Ərtoğrol və Turan Cavidlərin həyat və yaradıcılığından bəhs edən kitablar işıq üzü görmüşdür və s.

Görkəmli ədibin 140 illik yubileyi münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən Hüseyn Cavid – 140adlı elektron daycest hazırlanıb.

Təqdim olunan daycestdə (ingilis dilindən tərcümədə “xülasə”, “toplu” mənasını verir) görkəmli dramaturqun həyatı və ədəbi-bədii yaradıcılığından bəhs edən, 2020-2022-ci illərdə ölkə ərazisində müxtəlif dövri nəşrlərdə dərc edilən məqalələr araşdırılmış və seçmə yolu ilə diqqətə çatdırılmışdır. Daycestin hazırlanmasında əsas məqsəd görkəmli ədibin həyatı, bizlərə miras qoyduğu əvəzsiz irsindən bəhs edən məqalələrlə geniş oxucu kütləsini tanış etməkdir. Elektron daycestdə məqalələr illər üzrə, daxildə isə əlifba düzülüşü ilə verilmişdir.

Elektron daycestlə tanış olmaq http://anl.az/down/H.Cavid.pdf istəyənlər linkindən istifadə edə bilərlər.