close
icon E-kataloq və kitabxana

Hindistanın Azərbaycan Respublikasındakı Səfiri cənab Sancay Rana Milli Kitabxanada olmuşdur.

13-12-2017

Dekabr ayının 13-də Hindistanın Azərbaycan Respublikasındakı Səfiri cənab Sancay Rana Milli Kitabxanada olmuşdur. Qonağı Milli Kitabxananın direktoru professor Kərim Tahirov qarşılamışdır. Görüş zamanı hər iki ölkə arasındakı əlaqələrdən danışan professor Kərim Tahirov Hindistan Milli Kitabxanası ilə qarşılıqlı əlaqələrin olmadığını təəssüflə bildirmiş, bu görüşdən sonra Azərbaycan Milli Kitabxanası ilə Hindistan Milli Kitabxanası arasında ikitərəfli qarşılıqlı əlaqələrin yaradılacağına ümid etdiyini vurğulamışdır.

Cənab səfir də öz növbəsində kitabxanada olmaqdan məmnunluğunu bildirmiş, Azərbaycan və Hindistan arasındakı əlaqələrdən danışmış və Atəşgah məbədinin ortaq mədəniyyətə sahib olduğumuzu göstərdiyini qeyd etmişdir.

Həmçinin cənab səfir Hindistanın tarixi, coğrafiyası, mədəniyyəti ilə bağlı kitablardan Milli Kitabxanaya hədiyyə edəcəyini və Milli Kitabxanada Hindistana dair ədəbiyyatın daha da zənginləşdirilməsi üçün əlindən gələni edəcəyini bildirmişdir.

Görüş zamanı səfir həmçinin Hindistanda fəaliyyət göstərən Müəllimlərin Tədris və Araşdırma Milli Texniki İnstitutu barəsində məlumat vermiş, Milli Kitabxananın işçilərini də həmin kurslarda iştirak etməyə dəvət etmişdir.

Görüşün sonunda cənab səfir Hind yazıçı Rabindranat Taqorun anadan olmasının 150 illik yubileyi ilə əlaqədar nəşr olunmuş kitabı Milli Kitabxanaya hədiyyə etmişdir. Direktor Kərim Tahirov da həmçinin “Milli Kitabxana. Fotoalbom” (Azərbaycan, rus və ingilis dillərində), “Azərbaycan musiqi alətləri” (Azərbaycan və ingilis dillərində) kitablarını və Azərbaycan xəritəsini qonağa hədiyyə etmişdir.

Daha sonra cənab səfir kitabxana ilə və Milli Kitabxananın nəzdində fəaliyyət göstərən “Açıq kitabxana” ilə yaxından tanış olmuş, bu təcrübənin çox kreativ bir layihə olduğunu xüsusi vurğulayaraq Xatirə kitabına öz ürək sözlərini yazmışdır.