12-03-2024
Gənc nəslin mütaliəyə, kitaba və kitabxanalara olan marağının artırılması məqsədilə təşkil edilən ekskursiyaların növbəti iştirakçıları Heydər Əliyev adına Hərbi İnstitutun III kurs kursantları olub. Kursantlar kitabxanaya qeydiyyat qaydaları ilə tanışlıqdan sonra Dahi Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədlərin nümayiş olunduğu “Heydər Əliyev” guşəsini ziyarət edib.
Daha sonra gənclər bir əsrlik tarixi olan elm məbədinin fəaliyyəti, iş rejimi, kitab fondu, xidmət proseslərinin mərhələləri haqqında ətraflı məlumatlandırılıb. Onlara əyani şəkildə kataloqda kitab axtarışı və sifarişi prosesi izah edilib. Elektron resurslardan və lokal şəbəkədən istifadənin təşkili bölməsində olarkən kursantlar elektron resurslar və onlardan istifadə qaydaları ilə tanış olub.
Kitabxananın Sərgi zalı, Tələbə gənclər zalı, Nadir kitablar və kitabxana muzeyi ilə tanışlıq zamanı gənclərə burada mühafizə olunan kitablar, qədim və nadir kitablar, miniatür kitab kolleksiyası, eksponatlar haqqında məlumat verilib və onları maraqlandıran suallar cavablandırılıb. Not nəşrləri və səsyazmaları şöbəsində qorunan səsyazmaları, not əsərləri və digər musiqi ədəbiyyatı gənclərin marağına səbəb olub.
Kursantlara rəhbərlik edən Heydər Əliyev adına Hərbi İnstitutun mülki işçisi Məzahir Tahirov təşkilatçılığa görə Milli Kitabxananın rəhbərliyinə dərin minnətdarlığını bildirib. Sonda isə xatirə şəkli çəkilib.