close
icon E-kataloq və kitabxana

Görkəmli kitabxanaşünas alim, Əməkdar elm xadimi, professor Abuzər Xələfovun şəxsi arxivinin mərhumun ailəsi tərəfindən Azərbaycan Milli Kitabxanasına təqdimetmə mərasimi keçirilib

19-07-2023

İyulun 19-da Milli Kitabxanada görkəmli kitabxanaşünas alim, Əməkdar elm xadimi, professor Abuzər Xələfovun şəxsi arxivinin mərhumun ailəsi tərəfindən Azərbaycan Milli Kitabxanasına təqdimetmə mərasimi keçirilib

Tədbiri giriş sözü ilə Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq hər kəsi salamlayıb. Direktor vurğulayıb ki, bu gün Milli Kitabxananın 100 illik yubileyi ərəfəsində Azərbaycan kitabxanaçılarının ağsaqqalı, ölkəmizdə kitabxanaşünaslıq elminin banisi, BDU-da Kitabxanaçılıq-informasiya  fakültəsinin özülünü qoyan, görkəmli kitabxanaşünas alim, professor Abuzər Xələfovun şəxsi arxivinin Milli Kitabxanaya təqdimetmə mərasiminə toplaşmışıq,  biz hamımız Abuzər müəllimin yazdığı əsərlərdən, kitablarından bəhrələnmişk, hamımız prof. Abuzər Xələfovun yaratdığı kitabxanaçılıq məktəbinin nümayəndələriyik, inanıram ki, Abuzər müəllimin əziz xatirəsi yaddaşlarda qalacaq, onun Milli Kitabxananın fondunda qorunub saxlanan arxivi bütün kitabxanaçılar üçün tədqiqat obyekti olacaq, onların stolüstü kitablarına çevriləcəkdir.

BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı, dosent Ələmdar Cabbarlı çıxış edərək bildirdi ki, Azərbaycan Milli Kitabxanasının 100 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı təkcə Milli Kitabxanaya yox, bütünlükdə kitabxana işinə olan diqqətin nümunəsidir. Ə.Cabbarlı qeyd etdi ki, biz Abuzər Xələfovun parlaq xatirəsini daim yaşadacayıq. Abuzər Xələfovla Milli Kitabxananı birləşdirən bir çox faktlar var. Onun xatirəsi bizim hər birimiz üçün əzizdir. A.Xələfovun irsi tədqirəlayiq şəkildə araşıdırılır və daima araşdırılacaq. Bu parlaq obraz hər zaman kitabxana işinə işıq salacaqdır.

Kitabxanaşünaslıq kafedrasının müdiri, dosent Elçin Əhmədov çıxış edərək Abuzər Xələfovun elmi, pedaqoji fəaliyyətindən bəhs etdi. O, qeyd etdi ki, vaxtılə Abuzər Xələfovun rəhbərlik etdiyi kafedraya rəhbərlik etmək mənimçün böyük məsuliyyətdir, A.Xələfov çox böyük elmi məktəbin yaradıcısıdır və onun arxivinin Milli Kitabxanaya hədiyyə edilməsini Milli Kitabxananın yubileyinə bir hədiyyə hesab etmək olar.

Alimin oğlu, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının prorektoru dos. Elçin Xələfov çıxış edərək atasının elmi irsinə, tədris-pedaqoji fəaliyyətinə verilən yüksək qiymətə görə Milli Kitabxanaya Abuzər Xələfovun ailəsi adından minnətdarlığını bildirib və qeyd edib ki, təqdim olunan arxiv materialları - əlyazmaları və kitablar onun şəxsi kitabxanasındandır və Milli Kitabxananın fondunun zənginləşməsində böyük xidmətləri olacaq. Dos. E.Xələfov çıxışının sonunda prof. A.Xələfovun 1962-ci ildə Azərbaycan Kitabxanaçılarının 1 qurultayına olan dəvətnaməsinin əslini Milli Kitabxananın direktoruna təqdim etdi.

Sonda tədbir iştirakçıları professor Abuzər Xələfovun şəxsi arxivi ilə tanış oldular.

icon

Foto qalereya