12-09-2022
Sentyabrın 12-də Belçikanın Gent Universitetinin türk dili bölməsinin rəhbəri prof. dr. Yohan Vandevalle Milli Kitabxanada olub.
Milli Kitabxananın direktoru professor Kərim Tahirov qonaqları qəbul edərək onları kitabxanada görməkdən şad olduğunu bildirib. Direktor qonaqlara kitabxana haqqında ümumi məlumat verərək bildirib ki, Azərbaycan Milli Kitabxanası ölkənin ən zəngin kitabxanasıdır və Azərbaycan kitabının və mətbuatının arxiv fondunu yaradaraq gələcək nəsillərə çatdırır. Milli Kitabxananın fondu, oxucuların sayı, kitabxanada həyata keçirilən avtomatlaşdırma prosesləri, pandemiya dönəmində Milli Kitabxananın onlayn xidmətlərindən, eləcə də beynəlxalq layihələr haqqında qonaqlara geniş məlumat verib. Bildirib ki, Azərbaycan Milli Kitabxanası dünyanın 60-a yaxın kitabxanası ilə əməkdaşlıq edir. Bu kitabxanaların içərisində universitet kitabxanaları da xüsusi yer tutur. O, Berlin Humboldt Universiteti və Los-Anceles Kaliforniya Universiteti ilə imzalanan müqavilələrdən danışaraq bildirib ki, Azərbaycan Milli Kitabxanası həmin universitetlər ilə kitab mübadiləsini həyata keçirir. Direktor onu da vurğulayıb ki, inanıram ki, gələcəkdə belə müqavilələrdən biri də məhz Gent Universiteti ilə imzalanacaq. K.Tahirov keçən il CENL-in illik toplantısında iştirak ilə əlaqədar Belçikada olmasından və Belçika Kral Kitabxanasının direktoru Sara Lammens ilə görüşündən qonaqlara bəhs edib. Bildirib ki, bu ilin oktyabr ayında Bakıda keçiriləcək VIII Bakı Beynəlxalq Kitab Sərgi yarmarkasında Azərbaycan Milli Kitabxanası ilə Belçika Kral Kitabxanası arasında qarşılıqlı əməkdaşlığa dair müqavilənin imzalanması planlaşdırılır.
Sonra Belçikanın Gent Universitetinin türk dili bölməsinin rəhbəri prof. dr. Yohan Vandevalle çıxış edərək ilk öncə Gent universiteti haqqında məlumat verib. Qeyd edib ki, Gent Belçikanın ən böyük universitetlərindən biridir. Tələbə sayı 56000 olan universitetdə 12 fakültə fəaliyyət göstərir. Universitetin kitabxanasının fondu 3 milyondan artıqdır. Universitetdə 8 dildə bölmə – holland, fransız, alman, ingilis, ispan, italyan, rus, türk vardır. O, bildirib ki, 1994-cü ildə yaratdığı Şərq dilləri və mədəniyyəti İnstitutu Belçikada türk dilini tədris edən ilk qurum olmuşdur. 2006-cı ildən isə Gent Universitetində türk dili bölməsi yaradılmışdır. Türk dili bölməsinin Azərbaycan və türk dillərinin öyrədilməsi üçün dil öyrədən qrammatika kitablarına, dil lüğətlərinə, izahlı lüğətlərə ehtiyaclarının olduğunu bildirərək bu barədə köməklik göstərilməsini direktordan xahiş etmişdir.
Daha sonra Kərim Tahirov qonaqlara kitabxananın Beynəlxalq Əməkdaşlıq zalı barədə məlumat verərək bildirib ki, zalda 16 ölkənin ədəbiyyatına, tarixinə, incəsənətinə, coğrafiyasına və s. həsr edilən ədəbiyyatlar nümayiş olunur. İnanıram ki, Belçika Kral Kitabxanası ilə imzalanacaq memorandumdan sonra həmin guşədə belçika ədəbiyyatı da öz layiqli yerini tutacaqdır.
Görüşün sonunda prof. Kərim Tahirov qonaqlara “Azərbaycan Milli Kitabxanası: fotoalbom”, “Azərbaycan xalçaları dünya kolleksiyalarında”, “Salam Azerbaijan” kitablarını, Azərbaycanın xəritəsini və “Qız qalası” süvenirini qonaqlara hədiyyə etmişdir.
Sonda qonaqlar Milli Kitabxana ilə yaxından tanış olublar. Kitabxananın “Heydər Əliyev guşəsi”, “Beynəlxalq əməkdaşlıq zalı”, “Nadir kitablar və kitabxana muzeyi” bölmələrində xatirə şəkili çəkdirib və kitabxana fondu ilə tanış olublar.