close
icon E-kataloq və kitabxana

Gəncə şəhərində kitabxana əməkdaşları üçün təlim keçirilib

11-04-2025

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı ilə həyata keçirilən “Mədəniyyət rüzgarı” tədbirlər proqramı çərçivəsində Gəncədə Azərbaycan Milli Kitabxanasının və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə şəhər və ətraf rayonlarda yerləşən kitabxanaların əməkdaşları üçün təlim təşkil olunub.

Gəncə şəhəri ilə yanaşı, Naftalan şəhər, Daşkəsən, Goranboy, Göygöl və Samux rayonlarında fəaliyyət göstərən kitabxanaların əməkdaşlarının qatıldığı təlimdə MEMİM-in direktoru vəzifəsini icra edən sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüqar Hümbətov və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin əməkdaşı Tacir Qurbanov çıxış edərək, kitabxana sahəsində çalışanların peşəkar inkişafına töhfə vermək, onların müasir kitabxana idarəçiliyi və rəqəmsal resursların əlçatanlığını, region kitabxanalarında müasir proqramların tətbiqini təmin etmək məqsədilə bu kimi təlimlərə ehtiyac olduğunu vurğulayıblar.

Daha sonra Azərbaycan Milli Kitabxanasının şöbə müdirləri, tarix üzrə fəlsəfə doktoru Aygün Koçak və Sevinc Əfəndiyeva “İnnovativ metodlar və informasiya texnologiyalarının kitabxana işinə tətbiqi” və “KOHA Avtomatlaşdırılmış Kitabxana İdarəetmə Sisteminin kitabxanalarda tətbiqi” mövzularında təqdimatlarla çıxış ediblər.

Sonda mövzular ətrafında fikir mübadiləsi və müzakirələr aparılaraq təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Mənbə: https://azertag.az/xeber/kitabxana_emekdaslari_uchun_novbeti_telim_gencede_teskil_olunub-3499159

icon

Foto qalereya