01-06-2019
1 iyun 2019-cu il tarixində Milli Kitabxananın nəzdində fəaliyyət göstərərn Açıq Kitabxanada “Gənc Ədiblər Məktəbi-2”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti fondunun təqaüdçüsü, gənc xanım yazar Xəyalə Sevilin “Zirvə Tədris Mərkəzi”nin “Zirvə Kitab” layihəsi çərçivəsində çap olunmuş “Soldan birinci küçə” adlı yeni şeirlər kitabının təqdimatı və imza günü mərasimi keçirildi.
Tədbiri nasir, publisist, şair, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Əkbər Qoşalı açdı və giriş sözünü Milli Kitabxananın direktoru prof. Kərim Tahirova verdi. Kitabxananın direktoru qonaqları salamladı. Mədəniyyət Nazirliyinin və Azərbaycan Yazıçılar Birliyinin birgə layihəsi olan Gənc Ədiblər Məktəbinin yaranma tarixindən danışdı. O, “Gənc Ədiblər” Məktəbinin yeni addımlar atan, imzalarını üzə çıxarmaq istəyən gəncləri tanıdaraq dəstəklədiyini söylədi. Professor sonra Xəyalə Sevili 5-ci kitabının işıq üzü görməsi münasibətilə təbrik etdi, gənc müəllifə yaradıcılıq yolunda uğurlar arzuladı və Milli Kitabxananın belə tədbirlərin keçirilməsinə böyük önəm verdiyini qeyd etdi. Kitabxananın direktoru Açıq Kitabxanada gənc yazarların kitab təqdimatlarının, imzalı görüşlərin keçirilməsinin bir ənənə halını aldığını vurğuladı.
Şair Əkbər Qoşalı da öz növbəsində müəllifə təbriklərini çatdırdı və kitab haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdi.
Sonra layihənin rəhbəri və “Soldan birinci küçə” kitabının redaktoru İntiqam Yaşara söz verildi. O, Xəyalə xanıma öz təbriklərini çatdırdı və uğurlar arzuladı.
Təqdimat mərasimində Nazim Laçın, Vusal Oğuz, İlqar Türkoğlu,Fərqanə xanım və başqaları gənc müəllifin yaradıcılığından danışdılar və şairənin ədəbi irsinə böyük önəm verdiklərini söylədilər.
Həmçinin Xəyalə Sevilin dərs dediyi 279 saylı tam orta məktəbin direktoru Südabə Abdullayeva və başqa əməkdaşlar müəllif haqqında öz fikirlərini bölüşdülər.
Sonra Zirvə Tədris Mərkəzinin direktoru Rahib İbrahimov və digər iştirakçılar çıxış etdilər.
Tədbirdə gənc müəllifin yaradıcılığından şeirlər söyləndi, müəllifin “Axşam çağı küçələr”,“Anamın əlləri” və başqa şeirləri iştirakçılarda böyük təəssürat yaratdı.
Sonda Xəyalə Sevil öz qələm dostlarına, Milli Kitabxananın rəhbərliyinə, Zirvə Kitab Layihəsi rəhbərliyinə və tədbir iştirakçılarına öz təşəkkürlərini bildirdi. Kitabından bir şeir oxudu.
Müəllif kitablarını imzalayaraq tədbir iştirakçılarına təqdim etdi.
Sonda xatirə şəkli çəkdirdilər.