close
icon E-kataloq və kitabxana

Azərbaycan Milli Elmlər Akademiyasında “Elm Günü”nə həsr edilmiş tədbirdə Milli Kitabxananın nəşrləri təqdim edilib

11-04-2025

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında M.F. Axundov adına Milli Kitabxananın son 2 ildə nəşr olunan kitablarının təqdimetmə mərasimi keçirilib.

Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar, AR Milli Məclisinin sədr müavini akademik Rafael Hüseynov, AR Milli Məclisinin Elm və təhsil komitəsinin sədri professor Anar İsgəndərov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini akademik Abel Məhərrəmov, Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunun direktoru professor İrma Ratiani, Milli Məclisin deputatları, AMEA Rəyasət Heyətinin üzvləri, AMEA-nın və Elm və Təhsil Nazirliyinin elmi müəssisələrinin və Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunun əməkdaşları, ali təhsil müəssisələrinin rektorları, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Milli Kitabxanasının nümayəndələri, gənc alimlər və KİV təmsilçiləri iştirak ediblər.

 AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Azərbaycan Milli Kitabxanasının son illərdə həyata keçirdiyi əhəmiyyətli layihələrdən, elmin, mədəniyyətin, ədəbiyyatın tədqiqində əvəzsiz rol oynayan fundamental biblioqrafiyaların çapının əhəmiyyətindən, kitabxananın ölkənin ictimai həyatında fəal iştirak etməsindən, Azərbaycan ədəbiyyatı və mədəniyyətinin, mənəvi dəyərlərinin təbliğində xüsusi rol oynamasından bəhs edib. Akademik qeyd edib ki, Azərbaycan Milli Kitabxanasının nəşrlərinin AMEA-ya təqdim edilməsi bir ənənəyə çevrilib.

 Milli Kitabxananın direktoru professor Kərim Tahirov son illərdə Kitabxananın nəşriyyat fəaliyyətinin genişlənməsindən, nəşr etdikləri həm biblioqrafik, həm də digər nəşrlərin elmin, ədəbiyyatın, mədəniyyətin inkişafına xidmət etməsindən danışıb.

 Direktor Milli Kitabxananın nəşriyyat fəaliyyətində həyata keçirilən son layihələrdən, “Azərbacan Milli Kitabxanasının Qızıl fondundan”, ”Milli musiqi xəzinəmizdən” layihələri haqqında da məlumat verib.

Professor çıxışının sonunda  Milli Kitabxananın fəaliyyətinə verilən qiymətə görə akademik İsa Həbibbəyliyə təşəkkürünü bildirib.

Təqdimetmə mərasimində Milli Kitabxananın “Azərbaycanın Görkəmli Şəxsiyyətləri” seriyası ilə nəşr olunan “Heydər Əliyev. Biblioqrafiya”, “Elçin. Biblioqrafiya”, “Arif Paşayev. Biblioqrafiya”, “İlyas Əfəndiyev. Biblioqrafiya”, “Süleyman Ələsgərov. Biblioqrafiya” və b. biblioqrafiya kitabları, “Azərbaycan Milli Kitabxanasının qızıl fondundan” seriyası ilə nəşr olunan Qara Qarayev, Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Süleyman Ələsgərov kimi görkəmli Azərbaycan bəstəkarlarının seçilmiş not əsərləri, “Azərbaycan Milli Kitabxanası” fotoalbomu, Mədəniyyət, incəsənət, bədii ədəbiyyat və ədəbiyyatşünaslıq haqqında yeni ədəbiyyat. Cari biblioqrafik informasiya göstəriciləri  və s. nəşrlər təqdim olunub.

 Təqdimatı olan 150 nüsxə kitab, həmçinin Azəbaycan Milli Kitabxanasının yeni nəşr etdiyi Naxçıvan MR-nın yaranmasının 100 illiyinə həsr olunmuş “Naxçıvan Muxtar Respublikası.Biblioqrafiya” kitabı AMEA-nın fonduna hədiyyə olunub.

icon

Foto qalereya