close
icon E-kataloq və kitabxana

Milli Kitabxana 8-ci Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində öz tədbirlərini davam etdirir

06-10-2022

Oktyabrın 6-da Ekspo mərkəzinin Üzeyir Hacıbəyli təqdimat zonasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə “Xurşidbanu Natəvan” biblioqrafiya kitabının, eləcə də “Xurşidbanu Natəvan” adlı Elektron məlumat bazasının təqdimat mərasimi keçirilib.

Tədbiri Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov açaraq ilk öncə qonaqları salamlayıb. O, bildirib ki, ölkəmizdə bu il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Azərbaycan bədii fikrinin görkəmli siması Xurşidbanu Natəvanın 190 illik yubileyi qeyd olunur. Yubiley çərçivəsində Milli Kitabxana da Xurşidbanu Natəvanın həyat və yaradıcılığına həsr olunan bir sıra layihələr həyata keçirib. Bu gün təqdimatını keçirdiyimiz biblioqrafiya kitabının ilk təqdimatı sentyabrın 9-da Şuşa şəhərində Xurşidbanu Natəvanın evinin önündə keçirilib.  Təqdimat zamanı Milli Kitabxananın Xurşidbanu Natəvanın həyat və yaradıcılığına həsr olunan sərgisi də nümayiş olunub. Direktor vurğulayıb ki, təqdimat mərasimi çox gözəl bir günə təsadüf edir. Belə ki, ölkəmizdə kitab bayramı 8-ci Bakı Beynəlxalq Kitab Sərgisi keçirilir. Bu kitab bayramında biz Xurşidbanu Natəvanın biblioqrafiyasının yenidən təqdimatını keçiririk.

Təqdimat mərasimində ADMİU-nun 3-cü kurs tələbəsi Gülçin Qasımova Xurşidbanu Natəvanın “Neçin gəlməz”, “Qərənfil” və “Könlüm” qəzəllərini səsləndirib.   

Biblioqrafiyada Xan qızının əsərləri, həyat və yaradıcılığı, ictimai fəaliyyəti haqqında, habelə onun dünyanın ən zəngin kitabxanalarında mühafizə olunan nəşrləri öz əksinin tapıb. Qeyd olunub ki, biblioqrafiya ədəbiyyatşünas alimlər, tədqiqatçılar, jurnalistlər, kitabxanaçı-biblioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.Vurğulanıb ki, ilin sonuna kimi Xurşidbanu Natəvanın yaradıcılığı ilə bağlı tədbirlər davam edəcək.  

Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi çıxış edərək bildirib ki, Xurşidbanu Natəvanın 190 illik yubileyinin qeyd edilməsi ilə bağlı il ərzində çoxsaylı tədbirlər keçirilib. Qeyd edib ki, Milli Kitabxananın hazırladığı bu biblioqrafiya Xurşidbanu Natəvanın yubileyinə bir töhfədir. İ.Fəhmi bildirib ki, Milli Kitabxananın bu mövzuda hazırladığı biblioqrafiyalar bütün oxucular, tədqiqatçı-alimlər üçün çox qiymətlidir.

K.Tahirov qeyd edib ki, bu il ərzində Milli Kitabxana Şuşaya həsr edilən iki biblioqrafiya hazırlayıb. Bunlardan biri Şuşanın mədəniyyətinə, digəri isə Şuşa şəhərinin tarixinə həsr edilib.

Daha sonra Rusiya Dövlət Kitabxanasının prezidenti Viktor Vasilyeviç Federov çıxış edərək qonaqları salamlayıb. O, bildirib ki, təqdim edilən biblioqrafiya nəinki Azərbaycan, eləcə də rus tədqiqatçıları üçün qiymətli nəşrdir.

BDU-nun Elmi Kitabxanasının direktoru Nigar İsmayılova, AMEA Əlyazmalar İnstitutunun əməkdaşı Sona Xəyal və digərləri çıxış edib.

Tədbirlərdə Albaniya, Rusiya, Latviya və Qırğızıstan kitabxanalarının direktorları və əməkdaşları iştirak edib.

icon

Foto qalereya