close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Əhməd Cavad” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub

05-05-2022

Bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın anadan olmasının 130 illiyi tamam olur.

Əhməd Cavad Azərbaycan ədəbi-bədii fikri tarixində istiqlal şairi kimi özünəməxsus dəst-xətti ilə seçilən, müstəsna mövqeyə malik söz ustalarındandır. O, XX əsrdə Azərbaycan ədəbiyyatının, mədəniyyətinin inkişaf etməsində misilsiz xidmətlər göstərmişdir. Əhməd Cavad xalqını, onun mədəniyyətini, ədəbiyyatını, elmini yüksəklərə qaldıran böyük şəxsiyyətlərdən biridir.

Bütün qəlbi ilə bağlı olduğu doğma xalqının müstəqillik ideallarına həyatı boyu sadiq qalmış sənətkarın azadlıq motivləri ilə zəngin yaradıcılığı milli məfkurədən yoğrulmuşdur. Azərbaycanın dövlət rəmzlərini yüksək şeiriyyətlə alovlu tərənnüm edən şairin müstəqil dövlətçiliyə sevgi aşılayan əsərləri dərin vətənpərvərlik duyğularının heyrətamiz poetik ifadəsidir.

Əhməd Cavad bədii yaradıcılıq metodu etibarilə romantik ruhlu realistdir. O, romantik, simolist, dekadent, realist şeirlər müəllifi kimi tanınıb. Şairin bədii dili xalq dili, xalq kaloritinə, aşıq şeiri üslubuna, ənənələrinə əsaslanıb. M.Ə.Rəsulzadə yazırdı ki, “Ə.Cavad daha ziyadə heca vəzni ilə lirik parçalar yazır və bu lirizmə eyni zamanda milli və siyasi həyəcan qatırdı”. Şairin poeziyasında lirizm, bədbin və nikbin rənglər, fərdi və ictimai duyğular birləşib.

Azərbaycan xalqının azadlığı və istiqlaliyyəti uğrunda mübarizə aparan, bu yolda “xalq düşməni” damğası ilə güllələnən Əhməd Cavad, zaman gəldi ki, xalqının qəhrəmanı kimi yenidən tarixin səhnəsində öz yerini, layiq olduğu zirvəni tutdu. Azərbaycan var olduqca bu yer onun olacaq!

Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Milli Kitabxananın əməkdaşları tərəfindən “Əhməd Cavad” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə rəsmi sənəd, fotolar, Əhməd Cavadın müəllifi olduğu kitablar, haqqında yazılan kitablar və dövri mətbuat səhifələrində dərc olunan məqalələr nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Ehmed_Cavad/index.htm linkindən istifadə edə bilərlər.