Dünya miqyasında bədən tərbiyəsi və idmanın rolu davamlı şəkildə artmaqdadır. İdmanın bütün tarixi dövrlərdə öz aktuallığını qorumasının başlıca səbəbi bu sahənin insanın fiziki və mənəvi inkişafını təmin etməyin ən təsirli vasitələrindən biri olmasıdır. İdmanın inkişafı yeniyetmə və gənclərin sağlam ruhda böyüməsi, cəmiyyətin gələcək inkişafının möhkəm təməllər üzərində dayanması deməkdir.
Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra ölkədə uğurla həyata keçirilən gənclər və idman siyasətinin prioritet istiqaməti gənc nəslin fiziki-mənəvi potensialının möhkəmləndirilməsi və bu potensialın tam açılmasına xidmət edən kompleks tədbirlərin gerçəkləşdirilməsi olmuşdur. Son 19 ildə bu strateji xətti uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev gənclərə layiq olduqları imkanlar səviyyəsində geniş meydan verilməsinə, bu təbəqənin zəruri tələbat və ehtiyaclarının ödənilməsinə çalışmışdır.
Azərbaycanda idmanın inkişafına, ölkəmizin dünyada idman ölkəsi kimi tanınmasına şərait yaradan işlərin əsası məhz Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Doğrudur, Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) 1992-ci ildə yaradılsa da, ilk illərdə bu qurumun fəaliyyəti nəzərə çarpmırdı, qurum ölkənin idman hərəkatına liderlik etmək iqtidarında deyildi. 1992-ci ildə Barselonada keçirilmiş XXV Yay Olimpiya Oyunlarında da Azərbaycan müstəqil dövlət kimi təmsil oluna bilməmişdi. Ölkəmizin beş idmançısı MDB-nin birləşmiş komandasının tərkibində Olimpiya Oyunlarında iştirak etməli olmuşdu.
Olimpiya oyunlarında iştirak edən hər bir dövlət, ilk növbədə, dünya miqyasında özünütəsdiq imkanı qazanır. Müstəqil Azərbaycan dövləti də 1996-cı ildə ilk dəfə Atlantada keçirilən XXVI Yay Olimpiya Oyunlarında iştirak etməklə dövlətlər sırasında layiqli yerini müəyyənləşdirməyə, bayrağını göylərə ucaltmağa çalışdı. Atlanta Yay Olimpiya Oyunlarının keçirildiyi 1996-cı ildə Azərbaycanın iqtisadi durumu ürəkaçan olmasa da, ulu öndər idmançılarımızın bu beynəlxalq idman tədbirində yüksək səviyyədə iştirakı üçün lazımi maddi və mənəvi dəstəyi əsirgəmədi. Ümummilli liderin 1995-ci ilin fevralında imzaladığı “1996-cı ildə ABŞ-ın Atlanta şəhərində keçiriləcək XXVI Yay Olimpiya Oyunlarına hazırlıq haqqında” sərəncama uyğun olaraq xüsusi təşkilat komitəsi yaradıldı. İdmançılarımız ilk dəfə qatıldıqları Atlanta olimpiadasında ciddi əzmkarlıq göstərsələr də, vətənə qızıl medal gətirə bilmədilər. Yalnız sərbəst güləş ustası Namiq Abdullayev yarışlarda yüksək ustalıq nümayiş etdirərək gümüş medal qazana bildi. Bununla belə, ümummilli lider Atlantadan məyus qayıdan idmançılarımızın pessimist ovqatını isti kəlmələri ilə aradan götürdü. Vətənə dönən idmançıları Prezident Sarayında qəbul edən ulu öndərimiz onları təbrik etdi və qələbələrə ruhlandırdı. Ümumilikdə, Olimpiya oyunlarında iştirak müstəqil Azərbaycanın beynəlxalq aləmdə tanınmasını, olimpiya hərəkatına qoşulması prosesini təmin etdi.
Ulu öndərin təşəbbüsü əsasında qəbul olunmuş “Bədən tərbiyəsi və idman haqqında”, “Dövlət gənclər siyasəti haqqında” qanunlar Azərbaycan idmanının inkişafına ciddi təkan verdi. Bu qanunların yaratdığı imkanlar idmançıların yaşayış səviyyəsinin, təlim-məşq şəraitinin ildən-ilə yaxşılaşdırılmasına da real zəmin yaratdı.
Azərbaycan xalqının mənafeyinə əsaslanan bu siyasəti 2003-cü ilin oktyabrından Azərbaycan Prezidenti İlham Əliyev inamla davam etdirir. Xatırlatmaq lazımdır ki, hələ 1997-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) prezidenti vəzifəsinə İlham Əliyev kimi idarəçi və təşkilatçı bir şəxsin seçilməsi idman və gənclər siyasətinin yeni şəraitdə gerçəkləşməsinə böyük imkanlar açdı. MOK-un prezidenti cənab İlham Əliyev ölkədə olimpiya hərəkatının genişlənməsi, idmanın və bədən tərbiyəsinin tərəqqisi, daha geniş coğrafi məkanda təbliği, habelə Azərbaycanın dünya idman ailəsinin bərabərhüquqlu üzvünə çevrilməsi üçün ciddi tədbirlər həyata keçirdi. İdmana dövlət qayğısı ilə yanaşı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi yolunda da işlər görüldü. Bu sahəyə göstərilən diqqət və qayğı Azərbaycanın milli genefondunun qorunması, habelə gənclərin vətənpərvər və sağlam ruhda tərbiyə edilməsi məqsədindən irəli gəlirdi.
Cənab İlham Əliyevin şəxsi təşəbbüsü və təşkilatçılığı ilə 2000-ci ildən Azərbaycanın müxtəlif bölgələrində müasir tipli olimpiya kompleksi inşa olunmağa başlandı. “Yaxt-klub”, atıcılıq stendi və taekvando mərkəzi də MOK-un uğurlu fəaliyyətini əks etdirən möhtəşəm idman obyektləridir. Bütün bunlar da gənc nəslin sağlam ruhda tərbiyəsinə, respublikamızda idmanın kütləviləşməsinə xidmət edir.
Dövlət səviyyəsində göstərilən bütün bu diqqət və qayğının nəticəsidir ki, Azərbaycan gəncliyi cəmiyyətin inkişafında fəal sosial təbəqə kimi iştirak edir və öz sözünü deyir. Elmi-texniki tərəqqinin sürətli inkişafı vaxtında elə bir sahə tapılmaz ki, orada müasir gəncliyin izi görünməsin. Gənclər bu gün demokratikləşmə prosesində, mədəniyyət, incəsənət, elm və idman sahəsində böyük inamla irəliləyir, zəngin mədəni irsimizin qorunub saxlanması və inkişaf etdirilməsi yolunda mühüm addımlar atırlar. İctimai-siyasi proseslərdə fəal iştirak edən Azərbaycan gəncliyi müstəqil dövlətçilik ənənələrini uca tutur, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında gerçəkləşdirilən islahatlara yaxından dəstək verirlər.
Hər il martın 5-i ölkəmizdə Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur. Bu tarix Prezident İlham Əliyevin Bədən Tərbiyəsi və İdman Gününün təsis edilməsi haqqında 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən qeyd edilir.
Azərbaycan prezidenti İlham Əliyev 2004-cü ildə Milli Təhlükəsizlik Nazirliyinin yay idman kompleksinin və ictimai əlaqələr mərkəzinin açılışında, 2006-cı ildə Milli Olimpiya Komitəsində idmançılara, məşqçilərə və idman mütəxəsislərinə mükafatlar təqdim olunması mərasimində iştirak etmiş, nitq söyləmişdir.
2007-ci ildə MOK-un 15 illik yubileyində iştirak edən bir sıra ölkələrin milli olimpiya komitələrinin və idman federasiyalarının rəhbərlərini və nümayəndələrini qəbul etmiş, Qazax Olimpiya İdman Kompleksinin açılış mərasimində iştirak etmişdir.
25oktyabr 2007-ci ildə “Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvləri və əməkdaşlarının təltif edilməsi haqqında” Sərəncam imzalamışdır.
2008-ci ildə XXIX Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan idmançlarının yola salma mərasimində, Salyan Olimpiya İdman Kompleksinin açılışında, Milli Olimpiya Komitəsinin V hesabat-seçki Baş Məclisində Azərbaycan prezidenti də iştirak etmişdir.
2009-cu ildə ölkə başçısı tərəfindən Milli Olimpiya Komitəsində ilin yekunu olaraq idmançılara, məşqçilərə və idman mütəxəssislərinə mükafatlar təqdim olunmuş, güləş üzrə milli komandanın üzvləri və məşqçiləri qəbul edilmişdir.
Prezident İlham Əliyevin Sərəncamı ilə “İdman İli” elan edilən 2012-ci il də Azərbaycan idmançıları üçün uğurlu il olmuş, komandamız Londonda keçirilən XXX Yay Olimpiya Oyunlarında daha yaxşı nəticə əldə etmişdir. London Olimpiadasında idmanın 16 növü üzrə 53 idmançı ilə təmsil olunan Azərbaycan 2 qızıl, 2 gümüş və 6 bürünc medal qazanmaqla bundan əvvəlki olimpiadalardakı rekordunu yeniləmişdir. 2016-cı ildə Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında isə Azərbaycan milli komandası medal sayına görə 14-cü yerdə qərarlaşdı. İdmançılarımız milli komandamızın aktivinə 18 medal yazdırdılar.
Birbirinin ardınca nüfuzlu beynəlxalq humanitar, iqtisadi, siyasi, mədəni, idman tədbirlərinin, müsabiqələrinin keçirildiyi Azərbaycan Avropa və dünya səviyyəsində maraq cəlb edən ölkədir. Demək olar ki, hər il müxtəlif beynəlxalq turnirlərə ev sahibliyi edən Azərbaycan yaxın gələcəkdə keçiriləcək nüfuzlu beynəlxalq müsabiqələri də nəzərə alsaq, həm də özünü mühüm idman mərkəzi kimi tanıdıb.
Mötəbər beynəlxalq idman müsabiqələrinin keçirilməsi ilə bağlı Azərbaycana dünyada böyük etimad formalaşmışdır. Bu isə ilk növbədə, Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı, geniş maliyyə imkanları ilə bağlıdır. Digər bir mühüm faktor isə qeyd olunduğu kimi, Azərbaycanda idman infrastrukturunun yenilənməsi, dünya standartlarına cavab verən ən müasir idman komplekslərinin tikilməsi, onların müasir avadanlıqlar və texnika ilə təchiz edilməsi və ölkəmizin beynəlxalq müsabiqələrin təşkili baxımından da geniş təcrübəyə, yüksək təşkilatçılıq imkanlarına, işin peşəkarlıqla icrası potensialına malik olması ilə bağlıdır.
Təsadüfi deyil ki, belə möhtəşəm idman qurğuları 2012-ci ildə futbol üzrə 17 yaşlı qızlar arasında dünya çempionatının, 2015-ci ildə birinci Avropa Oyunlarının, 2016-cı ildə futbol üzrə 17 yaşadək oğlanlar arasında Avropa çempionatının, 42-ci Ümumdünya Şahmat Olimpiadasının, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının və qadınlar arasında voleybol üzrə Avropa çempionatının, habelə Formula-1 Azərbaycan Qran-prilərinin yüksək səviyyədə təşkil olunmasına imkan verdi. Azərbaycan milli komandasının medalların sayına görə birinci Avropa Oyunlarında ikinci, IV İslam Həmrəyliyi Oyunlarında isə birinci yeri tutması ölkəmizin yüksək idman potensialının əyani göstəricisi oldu.
2017-ci ildə Azərbaycanın kişi şahmatçıları üçüncü dəfə Avropa çempionu adını qazandılar, Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov Avropa Gimnastika İttifaqının prezidenti vəzifəsinə seçildi.
2018-ci ildə Bakıda üçüncü dəfə Formula-1 yarışı keçirilmiş, iyunun 5-9-da ölkəmizdə Beynəlxalq Velosipedçilər İttifaqının velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatı təşkil olunmuşdur. Həmçinin martın 15-18-də idman gimnastikası üzrə dünya kubokuna, aprelin 12-15-də batut gimnastikası, tamblinq və ikili mini batut üzrə 26-cı Avropa çempionatına ev sahibliyi etmişdir. Eyni zamanda, aprelin 27-29-da Bakıda bədii gimnastika üzrə dünya kuboku, iyunun 22-23-də isə yeniyetmələr arasında Olimpiya Oyunlarına idman gimnastikası üzrə təsnifat xarakterli yarışların təşkili həyata keçirilmişdir. 2018-ci ilin may ayında kapoeyra idman növü üzrə və sentyabrda cüdo üzrə dünya çempionatları keçirilmişdir.
15 il ərzində idmançılarımız Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında böyük qələbələr qazanmışlar. Azərbaycan həmin illərdə 7 Olimpiya Oyunlarında iştirak etmişdir (2004 — Afina, 2006 — Turin, 2008 — Pekin, 2010 — Vankuver, 2012 — London, 2014 — Soçi, 2016 — Rio de Janeyro). Avropa Oyunlarında Azərbaycan ikinci yerə, İslam Həmrəyliyi Oyunlarında isə bütün müsəlman ölkələri arasında birinci yerə nail olmuşdur. Rio de Janeyro Olimpiya Oyunlarında isə Azərbaycan medalların sayına görə 14-cü yerdə oldu.
Nəticə etibarilə, Azərbaycanın idman müstəvisində beynəlxalq nüfuzu güclənməkdədir. Bu səbəbdən də, bir sıra mötəbər idman yarışlarının təşkil olunması Azərbaycana etibar edilir.
Müasir dövrdə fiziki tərbiyə və idman öz aktuallığını qoruyub saxlayır. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamda, Azərbaycan gənclərini sağlam və fəal həyat tərzinə təşviq etmək və onların cəmiyyətə inteqrasiyasını təmin etmək məqsədi ilə 2013–2023-cü illəri əhatə edən İnkişaf Strategiyası və 2016–2020-ci illər üçün Dövlət Proqramı, bədən tərbiyəsi və idmanın inkişafı üzrə 2012–2020-ci illəri əhatə edən Milli Strategiya və Dövlət Proqramı hazırlanaraq həyata keçirilməkdədir.
Koronavirus 2021-ci ildə dünyanın idman həyatına da ciddi təsir göstərdi. 2020-ci ildə təxirə salınan futbol üzrə Avropa çempionatı və Olimpiada, nəhayət, 2021-ci ildə keçirildi. Tokioda keçirilən paralimpiya oyunlarında iştirak edən idmançılarımız turniri 7 medalla bitirdilər. Azərbaycan Tokio-2020 Paralimpiya Oyunlarında komanda birinciliyində 19 medalla 10-cu yeri tutdu. Bu, Azərbaycan millisinin Paralimpiya Oyunlarında göstərdiyi ən yüksək nailiyyətdir.
12 mart 2022-ci il tarixində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Üzgüçülük Federasiyasının təşkilatçılığı ilə Bakı Su idman sarayında üzgüçülük üzrə Azərbaycan açıq qış çempionatı, 8-10 fevral 2022-ci il tarixlərində Azərbaycan Güləş Federasiyasının və Bakı şəhər Gənclər və İdman Baş idarəsinin təşkilatçılığı ilə sərbəst və yunan-Roma güləşi üzrə (U-21) gənclər arasında Azərbaycan çempionatı keçirilmişdir.
Azərbaycanın Milli Olimpiya komandasının “Pekin-2022” Qış Olimpiya Oyunlarında iştirakı nəzərdə tutulmuşdur.
Hazırda işğaldan azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda Prezident İlham Əliyevin rəhbərliyi ilə geniş abadlıq-quruculuq işləri gedir. Azadlığa qovuşmuş ərazilərdə müasir tələblərə cavab verən idman infrastrukturunun qurulması da xüsusi diqqət mərkəzindədir. Ümumiyyətlə, Azərbaycanda modern idman infrastrukturunun yaradılması istiqamətində çoxsaylı layihələr həyata keçirilir, mühüm tədbirlər görülür. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, Beynəlxalq Olimpiya hərəkatının fəal üzvlərindən olan Azərbaycanda onlarla olimpiya idman kompleksləri inşa edilib, digər idman obyektlərində isə əsaslı yenidənqurma işləri aparılıb. Heç şübhə yoxdur ki, tezliklə yeni olimpiya idman komplekslərinin, digər idman müəssisələrinin inşa ediləcəyi əsas məkanlardan biri də işğaldan azad edilən ərazilərimiz olacaq. Avarçəkmədən tutmuş güləşə, şahmatdan başlamış müxtəlif intellektual və komanda oyunlarına qədər, eləcə də bir çox digər idman növlərində Azərbaycanı layiqincə təmsil edəcək yeni idmançılar nəsli azad olunmuş ərazilərimizdə yetişəcək. Artıq işğaldan azad olunan ərazilərdə ilk idman infrastrukturu yaradılıb. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Suqovuşan qəsəbəsinə səfəri işğaldan azad olunan ərazilərdə ilk idman tədbirinin təşkili ilə yadda qaldı. Belə ki, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası tərəfindən Tərtər rayonunun Suqovuşan qəsəbəsində ilk avarçəkmə təlim-məşq toplantısının rəsmi açılışı oldu.
Azərbaycan idmanı ölkə başçısı, Milli Olimipiya Komitəsinin prezidenti İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edəcək, atletlərimiz yeni-yeni naliyyətlər qazanacaq.
Ədibə İsmayılova
Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatı
“Xəqani 57” ərazi partiya təşkilatının sədri