1991-ci ildə Azərbaycan yenidən müstəqilliyə qədəm qoyduqdan sonra bütün sahələrdə köklü dəyişikliklər etdi. Yenidənqurma siyasətinin əsas məqsədi Sovet dönəmində diqqətdən kənar qalan sahələrin ön plana çəkilməsi idi. Sovet dönəmində diqqətdən kənar qalmış sahələrdən biri isə Diaspor fəaliyyəti idi.
Azərbaycanda Diaspor fəaliyyəti quruculuğu birbaşa ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Xatırlatmaq istərdik ki, Heydər Əliyevin diaspor fəaliyyəti sahəsində gördüyü işlər Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri vəzifəsində olduğu dönəmdən başlamışdır. Naxçıvan Muxtar Respublikasının 1991-ci il 16 dekabr tarixində keçirilən iclasında 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının birlik və həmrəylik günü kimi qeyd edilməsi qərara alınmışdı. Məhz bu sahədə atılan ilk addım Azərbaycanda gələcək Diaspor fəaliyyətinin təkamülü üçün bir qığılcım rolunu oynadı.
“Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2001-ci tarixli 724 nömrəli Sərəncamı isə sözü gedən sahənin inkişafı istiqamətində mühüm rol oynadı. Elə həmin ilin noyabr ayında Bakıda keçirilmiş Dünya Azərbaycanlılarının birinci Qurultayı ümummilli lider Heydər Əliyev düzgün qurulmuş siyasətinin bəhrəsi olaraq tarixə düşdü. Qurultayda 35 xarici dövlətdə yaşayan həmvətənlərimizi birləşdirən, 200-dən çox müxtəlif təşkilatı təmsil edən 403 nümayəndə və 63 qonaq iştirak etmişdir. Dünya Azərbaycanlılarının I Qurultayının çağrılması, istər lobbi quruculuğu, istər diaspor fəaliyyəti, istərsə də dünya azərbaycanlılarının birliyi üçün böyük əhəmiyyət kəsb edirdi.
Azərbaycançılıq ideologiyasının, eləcə də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında doğma yurdlarından kilometrlərlə uzaqda olan soydaşlarımızın da böyük əməyi vardır. Təsadüfi deyil ki, diaspor siyasətinin bir parçası elə xaricdə yaşayan soydaşlarımızdır. Rəsmi, işgüzar səfərlərində daim soydaşlarımızı diqqət mərkəzində saxlayan Heydər Əliyev, onların problemləri ilə yaxından maraqlanmış, problemlərin həlli yönündə aidiyyatı orqanlara vacib tapşırıqlar vermiş, onlara qürbət hissini unutdurmağa çalışmışdır.
Ulu Öndərin diaspor siyasətində həmvətənlərimiz arasında milli birliyi möhkəmləndirmək qarşıya qoyulan əsas şərtlərdən biri idi. Sırf bu işlə məşğul olan qurumun yaradılmasına ehtiyac yaranmışdı. Zamanın tələbini nəzərə alan Ulu Öndər 2002-ci il iyul ayının 5-də Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında fərman imzaladı. Bununla da Azərbaycanda Diasporun fəaliyyəti sahəsini zirvəyə çatdırmış oldu. Fərmanın təsdiqi bu günə kimi görülən işlərin pik nöqtəsi kimi xarakterizə edilə bilərdi.
Bu gün Azərbaycanın Diaspor fəaliyyəti Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Sevindirici haldır ki, möhtərəm prezidentimiz bu sahəni hər zaman diqqət mərkəzində saxlayır. Böyük fəxarət hissi ilə qeyd etməliyik ki, Heydər Əliyevin böyük əməyi və əzmi ilə qurmuş olduğu bu sahə bu gün əmin əllərdədir.
Ədibə İsmayılova
Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatı
“Xəqani 57” ərazi partiya təşkilatının sədri