17-02-2021
Orta əsr Şərq fəlsəfəsində məşşaiyyə (məşşailik) adı ilə də tanınan Şərq peripatetikləri nümayəndələri içərisində özünəməxsus mövqeyi ilə seçilən, dünya fəlsəfə tarixinə Azərbaycanın töhfə etdiyi dahi filosoflardan biri olan ensiklopedik zəka sahibi, dövlət xadimi, görkəmli alim və mütəfəkkir Xacə Nəsirəddin Əbucəfər Məhəmməd ibn Məhəmməd ibn Həsən Tusi (1201-1274) düşüncə tarixində möhtəşəm bir iz qoymuşdur. N.Tusi özünün çoxcəhətli yaradıcılığı, ensiklopedik zəkası, təkzibedilməz mütəfəkkirlik qabiliyyəti ilə təkcə Şərq fəlsəfəsinə deyil, ümumdünya təfəkkür tarixinə təsir edə biləcək bir yaradıcılıq yolu keçmişdir. N.Tusi fəlsəfə ilə yanaşı astronomiya, riyaziyyat, optika, minerologiya, məntiq, etika və başqa elmlərə dair dünya şöhrəti qazanmış əsərlərin müəllifi olması onun tədqiqatçılarının müxtəlif elm sahələrindən olmasına səbəb olmuşdur.
Görkəmli mütəfəkkirin anadan olmasının 820 illik yubileyi münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən böyük alimin həyat və fəaliyyətini əks etdirən “Dahi alim Nəsirəddin Tusi” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə dünya şöhrətli alimin həyat və fəaliyyətini əks etdirən materiallar, fotolar, müəllifi olduğu kitablar, eləcə də haqqında yazılmış kitab və məqalələr nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Dahi_alim_Nesireddin_Tusi/index.htm linkindən istifadə edə bilərlər.