close
icon E-kataloq və kitabxana

Çexiya Respublikasının Azərbaycan Respublikasındakı Səfirinin müavini cənab Petr Vaqner Milli Kitabxanada olmuşdur.

30-01-2018

Yanvar ayının 30-da Çexiya Respublikasının Azərbaycan Respublikasındakı Səfirinin müavini cənab Petr Vaqner Milli Kitabxanada olmuşdur. Qonağı Milli Kitabxananın direktoru professor Kərim Tahirov qarşılamışdır. Görüşdə həmçinin Milli Kitabxananın Oxuculara xidmət işləri üzrə direktor müavini Ədibə xanım İsmayılova və Nadir kitablar və kitabxana muzeyi şöbəsinin müdiri Gülsəidə Abdullayeva da iştirak etmişlər. Görüş zamanı prof. Kərim Tahirov bir neçə il əvvəl Çexiya Milli Kitabxanasına səfər etdiyini, Milli Kitabxananın bir neçə işçisinin də müxtəlif zamanlarda Çexiya Milli Kitabxanasında olduğunu və oradakı Azərbaycana dair əlyazmaların araşdırıldığını qeyd etmişdir. Prof. Kərim Tahirov Azərbaycan Milli Kitabxanası tərəfindən hazırlanmış “Azərbaycan nəfəsli əlyazmalar Praqa Milli Kitabxanasında” (3 didə: Azərbaycan, çex və ingilis dillərində) adlı kataloqun çapa tam şəkildə hazır olduğunu bildirmiş və kataloqun Çexiya Milli Kitabxanası tərəfindən çap olunmasının kitabxananın sabiq direktoru ilə əvvəlcədən razılaşdırılmasına baxmayaraq, yeni direktorun bu məsələnin həllinə kömək etmədiyini bildirmişdir. Daha sonra direktor iki ölkə arasında əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini nəzərə alaraq və gələcək əməkdaşlığın davamına böyük önəm verdiyini bildirərək bu işdə səfirliyin yardımçı olacağına böyük ümidlər bəslədiyini bildirmişdir.

Cənab Petr Vaqner görüş üçün minnətdarlığını bildirərək mart ayında Praqaya səfəri zamanı kataloqun nəşri məsələsini Çexiya Mədəniyyət Nazirliyində müvafiq şəxslərlə müzakirə edərək müsbət həllinə çalışacağını bildirmişdir. O, eyni zamanda Çexiya Milli Kitabxanasından başqa Çexiyadakı digər kitabxanalarda, o cümlədən Praqa Milli Muzeyi Kitabxanasında da Azərbaycana dair əlyazmaların, Nizami Gəncəvinin Xəmsəsinin əlyazmasının olduğunu bildirmişdir. Səfir müavini həmçinin onu da qeyd etmişdir ki, bu günə qədər bir sıra Azərbaycan müəlliflərinin – Mir Cəlal Paşayevin, Mirzə Şəfi Vazehin, Məhsəti Gəncəvinin və digərlərinin əsərləri Çex dilinə tərcümə edilmişdir. Hal-hazırda da müasir Azərbaycan ədəbiyyatı nümunələri Çex dilinə tərcümə edilir və oxucuların böyük marağına səbəb olur. 

Cənab Petr Vaqner bu ilin iyun ayında Çexiya Respublikasında Azərbaycan Demokratik Respublikasının və Çexiya Respublikasının müstəqilliyinin 100 illiyi münasibətilə Çexiya və Azərbaycan arasındakı əlaqələrdən bəhs edən kitabın təqdimat mərasiminin keçirilməsinin planlaşdırıldığını da vurğulayaraq həmin kitab üçün hər iki ölkənin milli kitabxanaları arasında əməkdaşlığa dair materialların Səfirliyə təqdim olunmasını da xahiş etmişdir.

Sonda çıxış edən prof.K.Tahirov Çexiyanın digər kitabxanalarında və muzeylərində olan Azərbaycana dair əlyazmaları barədə məlumata görə təşəkkürünü bildirərək lazımi materialların qısa müddətdə Çexiya səfirliyinə çatdırılması barədə göstəriş vermiş, kataloqun nəşrinə göstərəcəkləri köməyə görə əvvəlcədən Səfirliyə minnətdar olacağını söyləmişdir. Qonağa “Azərbaycan Milli Kitabxanası. Fotoalbom” (Azərbaycan, ingilis və rus dillərində), “Azərbaycan musiqi alətləri”, “Azərbaycan xalçaları dünya kolleksiyalarında” kitablarını və Azərbaycan xəritəsini hədiyyə etmişdir.

Sonda qonaqlarla birgə xatirə şəkli çəkilmişdir.