close
icon E-kataloq və kitabxana

Azərbaycan Milli Kitabxanasının direktoru Ankarada Prezident Kitabxanasında keçirilən CENL toplantısında çıxış edib

22-06-2022

Ankarada Prezident Kitabxanasında keçirilən Avropa Milli Kitabxanaları Konfransı (CENL) təşkilatının 36-cı illik toplantısında Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov çıxış edərək bütün iştirakçıları salamlamış, Azərbaycan Milli Kitabxanasının son illərdə Azərbaycanın milli mənəvi dəyərlərinin mühafizəsi istiqamətində Mədəniyyət Nazirliyi ilə birgə, Heydər Əliyev Fondunun fəal dəstəyi ilə həyata keçirdiyi layihələrdən bəhs etmişdir. Direktor bu layihələr sırasında son illər ərzində Heydər Əliyev Fondunun dəstəyi ilə reallaşdırılan və bir vaxtlar müxtəlif yollarla ölkəmizdən xaricə daşınmış mənəvi dəyərlərimizin Azərbaycana qaytarılmasına yönələn “Milli mənəvi dəyərlərimizin Vətənə qayıdışı” layihəsi çərçivəsində dahi şairlərimiz Nizaminin, Nəsiminin, Xətainin, Tusinin və digərlərinin dünya kitabxanalarında mühafizə olunan əlyazmalarının digital nüsxələrinin respublikaya gətirilməsindən söz açmışdır.

Eyni zamanda fürsətdən istifadə edərək ötən il dahi Nizaminin qiymətli əlyazmalarının digital nüsxələrini Azərbaycan Milli Kitabxanasına təqdim etdiklərinə görə Türkiyənin, Almaniyanın, Böyük Britaniyanın, Çexiyanın, Albaniyanın, Avstriyanın, Macarıstanın və digər avropa ölkələrinin milli kitabxana direktorlarına öz təşəkkürünü bildirmişdir.

Professor Kərim Tahirov çıxışının sonunda gələn ilin payızında Bakıda Azərbaycan Milli Kitabxanasının 100 illik yubileyinin yüksək səviyyədə qeyd olunmasını bildirərək, bütün CENL üzvü olan milli kitabxana direktorlarını 2023-cü ilin payızında keçiriləcək yubiley təntənələrində qonaq qismində iştirak etmək məqsədilə Bakıya səfərə dəvət etmişdir. CENL-in prezidenti, Almaniya Milli Kitabxanasının baş direktoru Frank Scholze professor Kərim Tahirova dəvət üçün təşəkkürünü bildirərək dəvəti məmnuniyyətlə qəbul etdiklərini söyləmiş və əvvəlcədən ona və kollektivinə uğurlar arzulamışdır.

Bununla da CENL-in illik toplantısı başa çatmışdır.