12-11-2021
Noyabr ayının 12-də Azərbaycan Milli Kitabxanası CENL Beynəlxalq Təşkilatının Mədəni proqramlaşdırma mövzusunda təşkil etdiyi onlayn vebinarda iştirak edib. Vebinara Avstriya Milli Kitabxanasının Şəkil Arxivi və Qrafika şöbəsinin direktoru və CENL İcra Komitəsinin üzvü Hans Petşar rəhbərlik edib.
Azərbaycan Milli Kitabxanasını onlayn vebinarda Kitabxana-informasiya xidməti və beynəlxalq əlaqələr üzrə direktor müavini Ədibə İsmayılova təmsil edib. O, vebinarda ilk olaraq çıxış edərək bildirib ki, bu il dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyi tamam olur. Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Şair ömrü boyu Azərbaycanda yaşayıb yaratmış və dünya poeziyasına bir-birindən dəyərli söz sənəti inciləri bəxş etmişdir. Dahi şairin 880 illik yubileyi münasibətilə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 5 yanvar 2021-ci il tarixli Sərəncamı ilə ölkəmizdə 2021-ci ili “Nizami Gəncəvi İli” elan etmişdir.
Sonra o, “Nizami Gəncəvi ili” ilə əlaqədar Azərbaycan Milli Kitabxanasının həyata keçirdiyi layihələrdən bəhs edib. Və “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi” adlı Elektron məlumat bazasını seminar iştirakçılarına nümayiş etdirib. Bildirib ki, Elektron məlumat bazası “Rəsmi sənədlər”, “Həyat və fəaliyyətinin əsas tarixləri”, “Görkəmli şəxslər Nizami Gəncəvi haqqında”, “Nizami Gəncəvi dünya kitabxanalarında”, “Nizami Gəncəvinin aforizmləri”, “Əsərləri”, “Haqqında əsərlər”, “Nizami Gəncəvi və incəsənət”, “Nizami Gəncəvinin xatirəsi”, “Qüvvət elmdədir”, “Fotoqalereya” və “Videoqalereya” bölmələrindən ibarətdir. O, vurğulayıb ki, Mədəniyyət Nazirliyi və Milli Kitabxana birgə “Milli mənəvi dəyərlərimizin Vətənə qayıdışı” layihəsi çərçivəsində dünya milli kitabxanalarında və muzeylərində mühafizə edilən Azərbaycan ədəbiyyatının klassiklərinə mənsub olan qiymətli əlyazmaların müəyyən olunaraq onların elektron və kağız nüsxələrinin Azərbaycan Milli Kitabxanasına gətirilməsi layihəsini həyata keçirir. Layihə çərçivəsində “Nizami Gəncəvi ili” ilə əlaqədar olaraq dahi şairin dünya milli kitabxanalarında saxlanılan qədim əlyazmalarının rəqəmsal nüsxələri Azərbaycan Milli Kitabxanası tərəfindən əldə edilib. Və o, həmin nüsxələrlə, xüsusilə Türkiyənin Topqapı Sarayı Muzeyində və Çexiya Milli Kitabxanasında saxlanılan qədim əlyazmalar ilə iştirakçıları tanış edib. Daha sonra, Elektron məlumat bazasında olan “Nizami Gəncəvi və incəsənət” bölməsinin “Nizami və musiqi” yarımbölməsində olan Bül-bülün (Murtuza Məmmədov) ifasında “Gül cəmalın” adlı musiqi parçasını və “Nizami və kino sənəti” bölməsində olan filmləri iştirakçılara nümayiş etdirib. Ə.İsmayılovanın çıxışı seminar iştirakçılarının böyük marağına səbəb olub. Və sonda Hans Petşar Ədibə İsmayılovaya təqdimatla belə maraqlı çıxış etdiyinə görə öz təşəkkürünü bildirib.
Vebinarda həmçinin, Serbiya Milli Kitabxanasının direktor müavini Draqan Puresic, Zaqreb Milli və Universitet Kitabxanasından Draqana Koljenik, Britaniya Kitabxanasından Konrad Bodman və digərləri iştirak ediblər. Çıxışlardan sonra dinləyicilər vebinar iştirakçılarına onları maraqlandıran sualları ünvanlayıb və suallar ətrafında müzakirələr aparılıb.