29-11-2021
29 noyabr tarixindən Azərbaycan Milli Kitabxanası CENL – Avropa Milli Kitabxanaları Konfransının illik iclasında iştirak edir. Ötən il pandemiya səbəbindən onlayn olaraq keçirilən iclas bu il ənənəvi qaydada keçirilir. Bu ilki iclasa Brüsseldə yerləşən Belçika Milli Kitabxanası ev sahibliyi edir. İllik iclasda Azərbaycan Milli Kitabxanasının direktoru prof. Kərim Tahirov da CENL üzvü olaraq iştirak edir.
46 ölkədən ümumilikdə 49 milli kitabxananın üzv olduğu CENL-in əsas vəzifəsi vahid informasiya məkanında kitabxanaların birgə və əlaqəli fəaliyyət göstərməsini təmin etməkdən ibarətdir. Azərbaycan Milli Kitabxanası 2005-ci ildən bu beynəlxalq təşkilatın üzvüdür.
İki gün davam edəcək olan konfransı CENL`in sədri, Britaniya Kitabxanasının direktoru Roly Keating açaraq konfrans iştirakçılarını salamlayıb. Daha sonra Belçika Milli Kitabxanasının direktoru Sara Lammens çıxış edərək bu ilki iclasa ev sahibliyi etməkdən məmnunluğunu ifadə etmişdir.
Ardınca 2020-ci ildə pandemiya səbəbindən onlayn olaraq keçirilən 34-cü CENL illik iclasının yekun sənədləri müzakirə olunmuş, CENL-in illik hesabatı təqdim edilmişdir. Daha sonra CENL-in 2020 və 2021-ci illərə dair maliyyə hesabatları məruzə edilmiş, 2022-ci ilin büdcə təklifi və yenidən nəzərdən keçirilmiş üzvlük haqqı modeli səsvermə üçün təqdim edilmişdir. Konfrans daha sonra sessiyalar, iştirakçıların təqdimatları və sual-cavablarla davam etmişdir.
İclas öz işinə 30 noyabr tarixində də davam edəcək. Sabahkı iclasda “Növbəti 4 il üçün CENL və milli kitabxanalar üçün strateji prioritetlər” mövzusunda interaktiv sessiya keçiriləcək və növbəti il ev sahibi olacaq milli kitabxananın təqdimatı olacaq.
Qeyd edək ki, 2022-ci ildə keçiriləcək növbəti CENL illik iclasına Türkiyə Milli Kitabxanası ev sahibliyi edəcək.