close
icon E-kataloq və kitabxana

“Böyük Azərbaycan şairi və mütəfəkkiri – Nizami Gəncəvi”

22-01-2021

Milli Kitabxanada Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsi haqqında” sərəncamına müvafiq olaraq Nizami Gəncəvi ilinin açılışı münasibətilə Azərbaycan Respublikası Mədəniyyət  Nazirliyi və Milli Kitabxananın birgə təşkil etdiyi  “Böyük Azərbaycan şairi və mütəfəkkiri – Nizami Gəncəvi” mövzusunda geniş kitab sərgisinin açılış mərasiminin və “Azərbaycan əlyazmaları Praqa Milli Kitabxanasında” adlı qədim əlyazmaları kitab kataloqunun təqdimatı keçirilib. Tədbirdə akademik Nərgiz Paşayevanın təşəbbüsü ilə Böyük Britaniyanın Oksford Universiteti nəzdindəki Nizami Gəncəvi Mərkəzi tərəfindən ingilis dilində nəşr olunan Yevgeni Bertelsin “Böyük Azərbaycan şairi Nizami” kitabı da təqdim olunub.

Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq bildirib ki, Azərbaycanın mədəniyyət, ədəbiyyat xadimlərinin, görkəmli şəxslərin yubileylərinin qeyd edilməsi ənənəsinin əsası Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə başlamış və bu ənənə cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. K.Tahirov bu ilin dahi şairimizin adı ilə bağlı olmasının olduqca əhəmiyyətli olduğunu vurğulayıb: XII əsr ədəbi və ictimai-siyasi fəlsəfi fikrimizin ən görkəmli nümayəndəsi Nizami Gəncəvi öz dövrünün və gələcək dövrlərin humanist və demokratik istiqamətli fikirlərinin, habelə sosial ədalət ideyalarının parlaq təbliğatçısı olmuşdur. Nizami söz, fikir və ideyalar dünyamızın əvəzolunmaz simalarından biridir. O, qeyd edib ki, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi dünya ədəbiyyatının görkəmli nümayəndəsi, bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. K.Tahirov bildirib ki, Nizaminin, Nəsiminin, Füzulinin və digər Azərbaycanın müdrik şəxsiyyətlərinin əlyazmaları dünya kitabxanalarında saxlanılır. Mədəniyyət Nazirliyi və Milli Kitabxana milli mənəvi dəyərlərimizin hamisi və təəssübkeşi olan Heydər Əliyev Fondunun və onun vitse prezidenti Leyla xanım Əliyevanın dəstəyi ilə artıq iki ildir ki, “Milli mənəvi dəyərlərimizin Vətənə qayıdışı” layihəsi çərçivəsində dünyanın milli kitabxanalarında və muzeylərində mühafizə edilən Azərbaycan ədəbiyyatının klassiklərinə mənsub olan qiymətli əlyazmalarının müəyyən olunaraq onların elektron və kağız nüsxələrinin Milli Kitabxanaya gətirilməsi layihəsini həyata keçirir. Son iki ildə bu layihə çərçivəsində 58 ədəd əlyazmanın surətlərinin Milli Kitabxanamıza gətirilməsi təmin olunmuşdur ki, bunların içərisində dahi Nizaminin də əlyazmaları yer almışdır.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Mədəniyyət naziri cənab Anar Kərimov hamını salamlayaraq bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 05 yanvar 2021-ci il tarixli sərəncamı ilə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyi münasibətilə 2021-ci ili Azərbaycan Respublikasında “Nizami Gəncəvi ili” elan etməsi mühüm siyasi və mədəni əhəmiyyət kəsb edir və Ulu Öndər Heydər Əliyevin 80-ci illərdə əsasını qoyduğu ənənənin layiqli davamı kimi qiymətləndirilməlidir. Dahi Nizami Azərbaycan xalqının dünya ədəbiyyatına bəxş etdiyi müdrik şəxsiyyətlərdən biridir və onun anadan olmasının 800 illik yubileyi 1941-ci ildə, 840 illik yubileyi Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1981-ci ildə, cənab Prezidentimiz İlham Əliyevin təşəbbüsü ilə 870 illik yubileyi 2011-ci ildə geniş miqyasda və YUNESKO səviyyəsində qeyd olunmuşdur. Bu il də dünya şöhrətli şair və mütəfəkkir Nizaminin 880 illik yubileyi respublikamızla bərabər, YUNESKO-da və bütün dünyada, TÜRKSOY tərəfindən türk dünyasında qeyd olunacaqdır.

Daha sonra Nazir qeyd etmişdir ki, Nizami Gəncəvi  ilinin ilk tədbirinin məhz milli mənəvi dəyərlərimizin saxlanc yeri olan Milli Kitabxanada keçirilməsi də təsadüfi xarakter daşımır, çünki Nizami dünya ədəbiyyatı xəzinəsinə “Xəmsə” adı ilə tanınan məşhur poemalarını və divanlarını bəxş etmişdir ki, bu dahi şəxsiyyətin həmin əsərlərinin qiymətli əlyazmaları bu gün demək olar ki, dünyanın minlərlə ən zəngin kitabxanalarının nadir fondlarını və şəxsi kolleksiyaları bəzəyir, zinətləndirir.

Sonra A.Kərimov AMEA-nın vitse prezidenti, akademik Nərgiz xanım Paşayevanın təşəbbüsü ilə azərbaycan və ingilis dillərində Oksford Universiteti nəzdindəki Nizami Gəncəvi Mərkəzi tərəfindən nəfis şəkildə nəşr olumuş böyük rus şərqşünası Yevgeni Bertelsin “Böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi” kitabını iştirakçılara təqdim edərək bildirib ki, bu kitab nizamişünaslığa böyük töhfə olmaqla, Nizami yaradıcılığının dünya miqyasında daha geniş tanıdılmasında əvəzssiz rol oynayacaqdır. A.Kərimov çıxışın sonunda Mədəniyyət Nazirliyi ilə Milli Kitabxanamızın birgə nəşr etdiyi “Azərbaycan əlyazmaları Praqa Milli Kitabxanasında” adlı kataloqu da iştirakçılara təqdim edərək bugünədək Azərbaycan elminə məlum olmayan qədim əlyazmalarımızın aşkar olunaraq mütəxəssislərə təqdim etdiyinə görə Milli Kitabxanaya öz təşəkkürünü bildirərək gələcəkdə bu vacib işdə daima onlara hərtərəfli dəstək göstərəcəyini bildirmişdir.

Sonra Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə xanım  Paşayeva çıxış edərək bildirib ki, bu gün Azərbaycan uzun müddət gözlədiyi Qələbəni əldə etmişdir və bütünlükdə bu ili biz mədəniyyət ili də adlandıra bilərik. Belə ki, cənab Prezidentimiz İlham Əliyev tərəfindən Xarı Bülbül festivalının, Vaqif poeziya günlərinin keçirilməsi və “Nizami ili”nin qeyd edilməsi haqqında imzaladığı sərəncam bunu deməyə imkan verir. Dahi Nizami Azərbaycan ədəbiyyatının ən böyük şəxsiyyətlərindən biridir. Nizami əsərlərində tərənnüm olunan humanizm ideyaları, insan haqlarının təbliği və onların müdafiəsi, şəxsiyyət azadlığı, Azərbaycan qadınına hörmət onun yaradıcılığının əsas keyfiyyətlərindəndir. O, qeyd edib ki, Nizami yaradıcılığı daim araşdırılıb, tədqiq olunub və mən inanıram ki, bu araşdırmalar “Nizami ili” çərçivəsində geniş vüsət alacaqdır.

Sonra Xalq Yazıçısı, professor Elçin Əfəndiyev çıxış edərək bildirib ki, keçən il Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və Azərbaycan ordusunun iştirakı ilə Böyük Qələbə qazandıq və bu Qələbə yeni ildə qarşımıza mühüm vəzifələr qoydu. Bu vəzifələrdən ilki Qarabağın maddi-mədəniyyət abidələrinin bərpasıdır. O, vurğulayıb ki, bu ilin “Nizami ili” kimi qeyd olunması birbaşa ədəbiyyat ili kimi də xarakterizə olunmalıdır. Dahi Azərbaycan şairi Nizaminin tərənnümü, dünya miqyasında təbliği birbaşa Azərbaycan xalqının, mənəvi dəyərlərimizin dünyada təbliği deməkdir. Oksforddakı Nizami Gəncəvi Mərkəzi tərəfindən ingilis dilində nəşr olunan Yevgeni Bertelsin “Böyük Azərbaycan şairi Nizami” kitabına yazılan ön sözün müəllifi olaraq həmin kitabın dünyanın ingilis dilli böyük auditoriyası üçün əhəmiyyətindən danışaraq bildirib ki, Nizami haqqında Azərbaycan müəlliflərinin xeyli sayda tədqiqat əsərləri vardır, lakin bu əsərin xarici dildə olması onu daha da dəyərləndirir və dünyaya Nizami irsinin çatdırılmasında mühüm rol oynayır.

Tədbirin davamında Milli Məclisin üzvü, akademik Nizami Cəfərov, ADU-nun rektoru, akademik Kamal Abdulla, AMEA-nın Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, Yazıçılar Birliyinin katibi Rəşad Məcid çıxış edərək “Nizami ili”nin önəmindən, böyük mütəfəkkir şairin zəngin yaradıcılıq palitrasından bəhs etmişlər və həyata keçiriləcək tədbirlər planı üçün təkliflərini bildirmişlər.

Tədbirin sonunda Milli Akademik Dram Teatrının aktrisası, Xalq artisti Məleykə Əsədova və Əməkdar artist  Elşən Rüstəmov Nizami Gəncəvinin  qəzəllərini səsləndirmişlər.

 

icon

Foto qalereya