close
icon E-kataloq və kitabxana

Sofiya şəhərində yerləşən Müqəddəs Kiril və Mefodi adına Bolqarıstan Milli Kitabxanasında Azərbaycana dair daimi guşə açılıb

14-10-2021

Oktyabrın 14-də Sofiya şəhərində yerləşən Müqəddəs Kiril və Mefodi adına Bolqarıstan Milli Kitabxanasında Azərbaycana dair daimi guşənin açılış mərasimi keçirilib. Mərasimdə Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov, Bolqarıstan Milli Kitabxanasının direktoru Krasmira Aleksandrovna, Azərbaycanın Bolqarıstandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Hüseynov və digər nümayəndələr iştirak edib.

Mərasimdə Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov çıxış edərək Bolqarıstan Milli Kitabxanasında olmasından məmnunluğunu ifadə edib. O, qeyd edib ki, Azərbaycana dair daimi guşədə nümayiş olunmaq məqsədilə 100-dən artıq kitab Azərbaycan Milli Kitabxanasının Ehtiyat mübadilə fondundan Bolqarıstan Milli Kitabxanasına göndərilib. Direktor vurğulayıb ki, yaradılan daimi guşədə Azərbaycanın zəngin tarixi və mədəniyyəti, müasir inkişafı, eləcə də Qarabağ haqqında kitablar nümayiş olunur. K.Tahirov bildirib ki, Azərbaycan Milli Kitabxanası xarici ölkələrlə beynəlxalq kitab mübadiləsi işinə xüsusi əhəmiyyət verir. Gələcəkdə də Bolqarıstan Milli Kitabxanasına təqdim olunan kitabların sayının artırılmasının vacibliyini vurğulayıb.

Açılış mərasimində Azərbaycanın Bolqarıstandakı fövqəladə və səlahiyyətli səfiri cənab Hüseyn Hüseynov çıxış edərək Bolqarıstan Milli Kitabxanasında Azərbaycana dair daimi guşənin yaradılmasını təqdirəlayiq addım kimi qiymətləndirərək gələcəkdə də burada nümayiş olunan kitabların sayının artırılmasının vacibliyini qeyd edib. Və hər iki kitabxananın rəhbərliyinə öz təşəkkürünü bildirib.

Qeyd edək ki, Bolqarıstan Milli Kitabxanasında yaradılan Azərbaycan daimi guşəsi maraqla qarşılanıb.

Açılış mərasimi çərçivəsində M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası ilə Müqəddəs Kiril və Mefodi adına Bolqarıstan Milli Kitabxanası arasında qarşılıqlı əməkdaşlıq haqqında Anlaşma memorondumu imzalanıb.

Anlaşma memorondumunu Azərbaycan Milli Kitabxanası tərəfindən direktor Kərim Tahirov, Bolqarıstan Milli Kitabxanasından isə direktor Krasmira Aleksandrovna imzalayıb.

Azərbaycanın Bolqarıstandakı fövqəladə və səlahiyyətli səfiri cənab Hüseyn Hüseynov bildirib ki, Azərbaycan ilə Bolqarıstan Milli Kitabxanaları arasında qarşılıqlı əməkdaşlığa dair memorandumun imzalanması çox qürurverici haldır. Səfir vurğulayıb ki, hər iki ölkə kitabxanaları arasında olan qardaşlıq, dostluq münasibətləri imzalanan memorandumdan sonra daha da möhkəmlənəcək.

Müqavilənin şərtlərinə əsasən tərəflər kitabxana-biblioqrafiya prosеslərinin avtomatlaşdırılması, еlеktron kataloq və еlеktron kitabxanalardan qarşılıqlı istifadə, məlumat bazalarının idarə edilməsi, kitabxana və kitab nəşri sahəsində еlmi tədqiqatlar, nadir kitabların mühafizəsi, bərpası və konsеrvasiyası tеxnologiyaları, kitabxana arxivlərinin kеyfiyyətinin təkmilləşdirilməsi məqsədilə bеynəlxalq kitab mübadiləsinin inkişafı, kitab sərgilərinin təşkili və s. sahələrdə əməkdaşlıq etmək barədə razılığa gəlirlər. Direktor Kərim Tahirov Azərbaycan Milli Kitabxanasının “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından nəşr etdirdiyi “Nizami Gəncəvi. Biblioqrafiya” kitabını və “Sözləri Nizaminindir” adlı CD disk albomunu Bolqarıstan Milli Kitabxanasının direktoru Krasmira Aleksandrovnaya hədiyyə edib.

Mərasimdən sonra direktor Kərim Tahirov Bolqarıstan Milli Kitabxanası ilə yaxından tanış olub. K.Tahirova kitabxananın elektron imkanları, elektron kitabxana, tətbiq edilən qabaqcıl təcrübələr, habelə istifadəçilərə göstərilən xidmətlər haqqında məlumat verilib.

Həmçinin, Kərim Tahirov “Bolqarıstan Gənclər Qırmızı Xaç” təşkilatının yaranmasının 100 illiyinə həsr olunan tədbirdə də iştirak edib.  

 

icon

Foto qalereya