close
icon E-kataloq və kitabxana

Milli Kitabxana Avrasiya Kitabxanalar Assambleyası üzvlərinin XXV Ümumi onlayn iclasında iştirak edib

03-12-2021

Dekabrın 3-də Azərbaycan Milli Kitabxanası Avrasiya Kitabxanalar Assambleyası üzvlərinin XXV Ümumi onlayn iclasında iştirak edib. Onlayn iclas Avrasiya Kitabxanalar Assambleyası, Rusiya Dövlət Kitabxanası və Ə.Nəvai adına Özbəkistan Milli Kitabxanasının təşkilatçılığı ilə keçirilib.

Onlayn iclası açılış sözü ilə Rusiya Dövlət Kitabxanasının baş direktoru, BAE-nin vitse-prezidenti Vadim Duda və Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanasının direktoru, BAE-nin vitse-prezidenti Umida Teshabayeva çıxış edərək iştirakçıları salamlayıblar.

Onlayn iclasda Avrasiya Kitabxanalar Assambleyasının cari fəaliyyəti, illik hesabat, kadr məsələləri və növbəti illərdə birgə təşəbbüslərin həyata keçirilməsinin müzakirəsi aparılıb. 2022-2023-cü illər Avrasiya Kitabxanalar Assambleyasının gündəliyi üçün üzv kitabxana rəhbərləri tərəfindən təkliflər verilib və ümumi təşəbbüslərin müzakirəsi aparılıb. Sonra Avrasiya Kitabxanalar Assambleyasının 2021-2025-ci illər üzrə prezidenti Rusiya Dövlət Kitabxanasının baş direktoru Vadim Duda seçilib.

Azərbaycan Milli Kitabxanasını onlayn iclasda “Kitabxana-informasiya xidməti və Beynəlxalq əlaqələr üzrə” direktor müavini Ədibə İsmayılova təmsil edib. O, BAE üzvi olan kitabxanaların birgə fəaliyyətindən bəhs edərək, 2023-cü ildə Azərbaycan Milli Kitabxanasının 100 illik yubileyinin keçiriləcəyini qeyd edib. Bu məqsədlə, direktor müavini Avrasiya Kitabxanalar Assambleyasının 2023-cü ildə keçiriləcək XXVII iclasının Bakıda təşkil olunması təklifini irəli sürüb.