close
icon E-kataloq və kitabxana

Milli Kitabxana “Azərbaycanda kitab və kitabxana mədəniyyəti” mövzusunda Onlayn Respublika Elmi Konfransında iştirak edib

17-12-2020

Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinin təşkilatçılığı ilə Azərbaycan ədəbiyyatşünaslığının görkəmli nümayəndəsi, tanınmış tənqidçi və mətnşünas alim, Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Əziz Mirfeyzulla oğlu Mirəhmədovun anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Azərbaycanda kitab və kitabxana mədəniyyəti” mövzusunda Onlayn Respublika Elmi Konfransı keçirilib.

BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev konfransı giriş sözü ilə açaraq bildirib ki, 2020-ci ildə görkəmli ədəbiyyatşünas və mətnşünas alim Əziz Mirəhmədovun anadan olmasının 100 ili tamam olur. Bu münasibətlə ölkə Prezidenti cənab İlham Əliyev 28 fevral 2020-ci il tarixində “Əziz Mirəhmədovun 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncamda görkəmli alimin elmi irsinə yüksək dəyər verilmiş, onun ədəbiyyat tariximizin sistemli tədqiqində olan xidmətləri xüsusi vurğulanıb.

Sonra konfrans işini Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı vəzifəsini icra edən Ələmdar Bayramovun moderatorluğu ilə davam etdirib. Konfransın plenar iclasında AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini Aygün Bağırlı “Əziz Mirəhmədov - görkəmli ədəbiyyatşünas və mətnşünas alim kimi”, Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova “Əziz Mirəhmədov və Azərbaycanda kitab və kitabxana mədəniyyəti”, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri Məmmədəli Babaşlı “Azərbaycanda kitab və kitabxana mədəniyyətinin inkişafında məscid və mədrəsə kitabxanalarının rolu”, BDU-nun Biblioqrafiyaşünaslıq kafedrasının müdiri Nadir İsmayılov “Əziz Mirəhmədov və Azərbaycan biblioqrafiya mədəniyyəti”, BDU-nun Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri Knyaz Aslan “Əziz Mirəhmədovun fəaliyyətində mətnşünaslğın və kitabşünaslığın elmi-nəzəri problemləri” mövzularında məruzə ilə çıxış ediblər.

Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova “Əziz Mirəhmədov və Azərbaycanda kitab və kitabxana mədəniyyəti” mövzusunda çıxış edərək Əziz Mirəhmədovun yaradıcılığı barədə məlumat verib. Eyni zamanda, Ədibə İsmayılova Milli Kitabxana tərəfindən hazırlanan “Ədəbiyyatşünas alim Əziz Mirəhmədov” (http://anl.az/el/vsb/Edebiyyatsunas_alim_Eziz_Mirehmedov/index.htm) adlı virtual sərgini konfrans iştirakçılarına təqdim edib. O, bildirib ki, virtual sərgidə ədəbiyyatşünasın həyat və fəaliyyətini əks etdirən materiallar, fotolar, müəllifi, redaktoru, tərtibçisi, ön söz müəllifi olduğu kitablar, haqqında yazılan məqalələr təqdim olunur.

Daha sonra konfrans öz işini bölmə iclasında davam etdirib, çoxsaylı məruzələr dinlənilib. Məruzələrdə ədəbiyyatşünaslıq, mətnşünaslıq, kitab və kitabxana mədəniyyəti sahələrini əhatə edən aktual məsələlər öz əksini tapıb.