close
icon E-kataloq və kitabxana

Azərbaycan xalqının mütləq əksəriyyətinin cənab İlham Əliyevə səs verməsi dövrün zərurəti, məntiqi nəticəsi idi

09-04-2022

2018-ci ildə keçirilmiş seçkilər bir daha göstərdi ki, radikalların Azərbaycanın siyasi səhnəsində yeri yoxdur. Xarici qrant, ianə hesabına fəaliyyət göstərən, öz dövlətinə qarşı çıxış edən, bir çox hallarda milli satqınlıq nümayiş etdirən ünsürlərə Azərbaycan xalqı bir daha öz yerini göstərdi. Bu səbəbdən də 2018-ci ildə Azərbaycan xalqı Prezident İlham Əliyevə səs verməklə ölkədə aparılan demokratik islahatlara səs vermiş oldu. Demokratik institutların inkişafı ilə bağlı siyasət davamlı olaraq reallaşdırılır. Siyasi müstəqillik sayəsində Azərbaycan xalqı öz taleyinin sahibidir.

Cənab İlham Əliyevin 2018-ci ildə keçirilən seçkilərdə yenidən qələbə qazanmasının əsasında Azərbaycanın son 15 il ərzində onun rəhbərliyi altında dinamik inkişaf dövrünü yaşaması, ölkəmizin qarşısında dayanan vəzifələrin uğurla icra edilməsi kimi ciddi amillər dayanırdı. Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2003-cü ildə və ondan sonrakı illərdə respublikamızın inkişafı, xalqımızın əmin-amanlıq şəraitində yaşamasının təmin edilməsi üçün verdiyi bütün vədlər həyatda öz təsdiqini tapmışdı. 15 il ərzində Azərbaycan bir sıra qabaqcıl ölkələrin onilliklər boyu keçdiyi inkişaf mərhələsini sürətlə adlayaraq, modernləşmə yoluna qədəm qoymuşdu. Ölkə iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft sektoru 2,8 dəfə, sənaye istehsalı 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə artmış, qeyri-neft ixracı 4,1 dəfə çoxalmışdır. Azərbaycanın valyuta ehtiyatları 1,8 milyard dollardan (2004) 46 milyard dollara (2018) çatdırılmışdı. 2003-2018-ci illərdə ölkə iqtisadiyyatına 250 milyard dollar investisiya qoyulmuşdu. Bu isə müstəqillik dövründə Azərbaycana yatırılan sərmayənin 93 faizi deməkdir. Azərbaycan beynəlxalq reytinqlərdə yüksək yerlərə qalxmışdı. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Davos İqtisadi Forumu Azərbaycanda aparılan islahatlara yüksək qiymət vermişdi. Davos Forumunun "İnklüziv inkişaf indeksi” adlı illik hesabatında (2017) ölkəmiz inkişaf etməkdə olan 80 ölkə arasında 3-cü yerə yüksəlmişdi.
 2003-2018-ci illər ərzində Azərbaycan Cənubi Qafqazın aparıcı dövləti kimi dünya birliyində mövqelərini daha da möhkəmləndirmişdi. Digər ölkələrin suverenliyinə, ərazi bütövlüyünə və daxili işlərinə qarışmamaq həmişə ölkəmizin xarici siyasət strategiyasının əsas prinsiplərindən birini təşkil etmişdir. Həmin illərdə də beynəlxalq aləmlə qarşılıqlı faydalı və bərabərhüquqlu əməkdaşlıq, geostrateji maraqların reallaşması, terrorizmlə mübarizə, vətəndaşlarımızın firavan və təhlükəsiz şəraitdə yaşayışının təmin olunması istiqamətində uzaqgörən xarici siyasət həyata keçirilmişdi.

2003-2018-ci illər ərzində Azərbaycan enerji resurslarının dünya bazarlarına səmərəli və əlverişli yollarla çıxarılmasını nəzərdə tutan praqmatik siyasət həyata keçirdi və şaxələndirilmiş nəqliyyat infrastrukturu ilə beynəlxalq birliyin diqqətini özünə cəlb edirdi. Bütün bunlar ölkəmizlə dünya dövlətləri arasında ticarət-iqtisadi əlaqələrin möhkəmlənməsi və ilk növbədə Azərbaycanın geoiqtisadi maraqlarının təmin edilməsi baxımından böyük əhəmiyyət daşıyırdı. Respublikamız o dövrdə də transmilli enerji-nəqliyyat layihələrinin əsas təşəbbüskarlarından biri olmaqla yanaşı, regional və beynəlxalq təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayırdı.

2003-2018-ci illər ərzində qazanılmış nailiyyətlər sırasında milli mədəniyyətin inkişafını xüsusi qeyd etməliyik. Milli-mənəvi dəyərlərimizin təbliğinə, mədəni həyatımızın zənginləşməsinə göstərilən diqqət və qayğı, bu istiqamətdə həyata keçirilən məqsədyönlü siyasət milli mədəniyyətimizin qorunmasında və dünya miqyasında tanıdılmasında böyük nailiyyətlər qazanmağa imkan verilmişdi.

2003-2018-ci illər ərzində Azərbaycan dünyada multikultural dəyərlərin inkişaf etdiyi çoxmillətli ölkə kimi tanındı. Respublikamız müxtəlif mədəniyyətlərin qovuşduğu məkanda yerləşməklə sivilizasiyalararası dialoqun təmin olunmasında mühüm rol oynadı. Azərbaycanda müxtəlif mədəniyyətlər arasında vəhdət və qarşılıqlı təsirin mövcud olması müasir cəmiyyətimizin əsas xüsusiyyətlərindən birinə çevrildi.

Gənclər millətin varlığının və gələcək inkişafının təməl daşıdır. Bu mövqedən çıxış edərək 2003-2018-ci illər ərzində ölkəmizdə gənclərlə bağlı məqsədyönlü dövlət siyasəti həyata keçirilmişdi. Onun əsas qayəsini dövlətçiliyə, milli-mənəvi dəyərlərə sadiq və yüksək intellektual potensiala malik Azərbaycan gəncliyinin formalaşdırılması təşkil etmişdir. Bu sahədə atılan addımlar gənclərin cəmiyyətimizdə özlərini təsdiq etməsində mühüm rol oynamış, onların vətənimizə layiq vətəndaşlar kimi yetişməsinə böyük təsir göstərmişdi.

2003-2018-ci illər ərzində Azərbaycan Respublikası dövlətimizin ərazi bütövlüyünü qoruyan, dünyanın ən güclü orduları ilə eyni sırada yer alan və yüksək döyüş hazırlığı olan Silahlı Qüvvələr yaradıldı. 2016-cı ilin aprel ayında Milli Ordumuz ermənilərin təxribatına layiqli cavab verməklə düşmənə sarsıdıcı zərbələr endirdi və zəbt olunmuş ərazilərimizin bir hissəsini işğalçılardan təmizlədi. Bununla da Azərbaycan Böyük qayıdış üçün ciddi addımını atdı. Hər birimiz o dövrdə erməni qəsbkarlarının vaxtilə işğal etdiyi Cocuq Mərcanlı kəndində Azərbaycan bayrağının dalğalanmasından böyük qürur hissi keçirdik və bu hadisə 2020-ci iləd Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında qazanılan parlaq qələbənin əsaslarını yaratdı. Bu şanlı qələbə erməni işğalçılarına xalqımızın və dövlətimizin gücünü nümayiş etdirdi, Milli Ordumuzun işğal olunmuş torpaqlarımızı istənilən anda azad etməyə qadir olduğunu göstərdi.
Göründüyü kimi, 2003-2018-ci illər ərzində cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin əldə etdiyi uğurlar Azərbaycan vətəndaşlarını prezident seçkilərində fəal şəkildə iştirak etməyə və xalqımızı inamla firavan gələcəyə aparan liderini növbəti dəfə dəstəkləməyə ruhlandırmışdı. Ona görə də, seçicilərin mütləq əksəriyyətinin cənab İlham Əliyevə səs verməsi dövrün zərurəti, məntiqi nəticəsi idi.

                                                                                                                                                                                                                                            Professor Kərim Tahirov

                                                                                                                                                                                                                                                        Ədibə İsmayılova

                                                                                                                      Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatı “Xəqani 57” ərazi partiya təşkilatının sədri