02-03-2017
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 12 yanvar 2017-ci il tarixli Sərəncamına müvafiq olaraq, habelə YUNESKO təşkilatı və TÜRKSOY tərəfindən cari ili böyük Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi münasibətilə “Molla Pənah Vaqif ili” elan etməsilə əlaqədar il ərzində silsilə tədbirlər keçiriləcəkdir.
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, TÜRKSOY təşkilatı, Türk Mədəniyyəti və İrsi Fondu və Azərbaycan Milli Kitabxanası Molla Pənah Vaqif ilinin açılışı münasibətilə mart ayının 02-də TÜRKSOY-un qərargahında və mart ayının 03-də Sakarya Bələdiyyəsində kitab sərgisi və konfrans keçirir.
Tədbir mart ayının 02-də TÜRKSOY-un qərargahında Molla Pənah Vaqifin “Durnalar” şeirinə bəstələnmiş mahnı ilə başlamışdır. Mahnı Ankara TRT xoru tərəfindən ifa olunmuşdur. Sonra tədbir iştirakçıları Azərbaycan Milli Kitabxanasının qızıl fondunda qorunan kitablardan ibarət şairin zəngin həyat və yaradıcılığını özündə əks etdirən geniş sərgi ilə tanış olmuşlar.
TÜRKSOY-un Baş katibi Düsen Kaseinov tədbir iştirakçılarını salamlamış, Molla Pənah Vaqif ili ilə əlaqədar keçiriləcək tədbirlərdən danışmışdır.
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirinin birinci müavini Vaqif Əliyev tədbirin keçirilməsinə görə TÜRKSOY təşkilatına minnətdarlığını bildirmiş, Molla Pənah Vaqif yaradıcılığından danışaraq onun Azərbaycan ədəbiyyatında və tarixində xüsusi rolu olduğunu bildirmişdir.
Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Günay Əfəndiyeva Vaqif irsinin tədqiqinin vacibliyini vurğulamışdır.
Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirinin müavini Nihad Gül çıxış edərək Molla Pənah Vaqif ilinin bütün türk dünyasında qeyd edilməsini bir millət, iki dövlət olan xalqlarımızın yaxınlığından, ədəbiyyat və mədəniyyətimizə olan dərin hörmətdən irəli gəldiyini söyləmişdir.
Azərbaycanın Türkiyədəki Fövqəladə və səlahiyyətli səfiri Faiq Bağırov çıxışında Vaqifin öz ədəbi və siyasi fəaliyyətilə xalqla bağlı mütərəqqi şəxsiyyətlərdən biri оlduğunu və qüdrətli sənətkarın yaradıcılığının Azərbaycan poeziyasının inkişafına böyük təsir göstərdiyini vurğulamışdır.
M.P.Vaqifin həyatından bəhs edən kiçik videoçarx nümayiş olunmuşdur.
Çıxışçılar: Qazi Universitetinin müəllimi, prof. dr. Ahmet Bican Ercilasun, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, AMEA-nın Ədəbiyyat İnstitutunun direktoru, millət vəkili prof. Dr. İsa Həbibbəyli, Avrasiya Yazarlar Birliyinin sədrinin müavini şair Ali Akbaş, Azərbaycan Milli Kitabxanasının direktoru, prof. Kərim Tahirov, Karabük Univürsitetinin Ədəbiyyat fakültəsinin müəllimi doç. Dr. Yıldız İsmayılova, TÜRKSOY-un Qazaxıstan təmsilçisi doç., Dr. Askar Turganbayev M.P.Vaqif yaradıcılığından söz açaraq, onun zəngin irsindən danışmış, onun həm də ictimai-siyasi xadim kimi fəaliyyətindən bəhs etmişlər.
İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktrisası, bədii qiraətçi Zülfiyyə İsmayılova şairin şeirlərini səsləndirmiş, Xalq Ozanı aşıq Selahattin Dündar şairin sözlərinə bəstələnmiş mahnıları ifa etmişdir.