close
icon E-kataloq və kitabxana

İşğaldan azad olunan rayonların Mərkəzləşmiş Kitabxana Sistemlərinin direktorları ilə videokonfrans təşkil olunub

03-12-2020

3 dekabr 2020-ci il tarixində Azərbaycan Milli Kitabxanası Azərbaycan Respublikasının prezidenti müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi altında Azərbaycan ordusunun şücaəti ilə erməni işğalından azad olunan rayonlarımızın Mərkəzləşmiş Kitabxana Sistemlərinin direktorları ilə onlayn videokonfrans keçirmişdir. Onlayn konfransın əsas məqsədi 1992-1993-cü illərdə erməni hərbi birləşmələri tərəfindən işğal olunmuş və bu gün Azərbaycan ordusu tərəfindən azad edilən rayonlardakı kitabxanaların mövcud durumunu  və onların qiymətli kitab fondlarının mühafizə vəziyyətini araşdırmaq və bu barədə beynəlxalq Kitabxana təşkilatı olan IFLA-ya müvafiq məlumatın verilməsindən ibarət olmuşdur.

Telekonfransda Ağdam, Şuşa, Laçın, Kəlbəcər, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Xocalı və Xocavənd rayonlarının Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin direktorları və M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru prof. Kərim Tahirov və direktor müavini Ədibə İsmayılova iştirak etmişlər.

Onlayn konfransı açan Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov konfrans iştirakçılarını salamlayaraq bu günlər Azərbaycan xalqının böyük qələbə sevinci içərisində olduğunu bildirərək bu qələbəni bizə bəxş edən Azərbaycan Respublikasının prezidenti və müzəffər ordumuzun Ali Baş Komandanı cənab İlham Əliyevə, Azərbaycan ordusunun zabit və əsgərlərinə Milli Kitabxananın kolektivi adından, telekonfrans iştirakçılarının adından və bütün Azərbaycanın kitabxanaçılar ordusu adından öz təşəkkürünü bildirmiş və hörmətli cənab Prezidentimizin rəhbərliyi ilə işğaldan azad olunmuş rayonlardakı bütün kitabxanaların bərpa olunmasında əlindən gələni edəcəklərinə söz vermişdir. Natiq müzəffər Azərbaycan ordusunun, qazilərimizin qarşısında baş əydiklərini bildirmiş və bu qələbinin qazanılmasında öz canından keçən şəhidlərimizə Tanrıdan rəhmət diləmişdir.

Sonra isə işğaldan azad olunan rayonların mərkəzi kitabxanalarının  direktorları çıxış edərək işğaldan azad olunan ərazilərdəki kitabxanalar barədə məlumat vermişlər. Məlum olmuşdur ki, Şuşa şəhərinin və Xocavənd rayonunun mərkəzi kitabxanalarının binaları istisna olmaqla, digər bütün işğaldan azad olunan rayonlarda rayon, şəhər, qəsəbə və kənd kitabxanalarının binaları tamamilə dağıdılaraq yerlə yeksan olunmuş, qiymətli kitab fondları isə talan olunaraq yandırılmışdır. Nəticədə məlum olmuşdur ki, işğaldan azad olunan 10 rayonun ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin şəbəkəsinə daxil olan 734 kitabxana və onların fondlarında  olan 4.587.696 nüsxə qiymətli kitab və digər çap məhsulları tamamilə dağıdılmış, yandırılmış və talan olunmuşdur. Xüsusilə qeyd edilmişdir ki, Şuşa şəhər Mərkəzi Kitabxanası Qarabağın görkəmli ziyalısı, şairi və rəssamı Mir Mövsüm Nəvvab tərəfindən 1897-ci ildə yaradılmışdır və həmin kitabxana açılarkən Mir Mövsüm Nəvvab öz əlyazmalarının bir hissəsini və Azərbaycanın görkəmli şairəsi Xurşudbanu Natəvanın şeirlərindən və çəkdiyi şəkillərdən ibarət dəftərləri də həmin kitabxanaya hədiyyə edilmişdir. Hazırda həmin qiymətli hədiyyələrdən bu kitabxanada əsər əlamət qalmamışdır, onlar ya yandırılmış, yaxud da xarici ölkələrə daşınmışdır. Qubadlı rayon Mərkəzi Kitabxanasında görkəmli el şairi Seyid Nigarinin qiymətli əlyazması olmuşdur və o da erməni vandalları tərəfindən məhv edilmişdir. Bütün bu faktlar göstərir ki, erməni işğalçılarının əsas məqsədi Azərbaycan xalqına məxsus olan qiymətli sərvətlərin məhv olunması və bu bölgələrdə Azərbaycana məxsus izin tamamilə silinməsi olmuşdur.

Biz bütün bu vəhşiliklər barədə məlumatları beynəlxalq miqyasda ən nüfuzlu beynəlxalq kitabxana təşkilatı olan IFLA`ya təqdim  etməklə erməni işğalından azad olunan rayonların kitabxana işçilərinin və bütün Azərbaycan kitaxbanaçılar ordusunun haq səsini bu beynəlxalq təşkilata çatdırımaq istərdik və erməni vandalları tərəfindən dünya mədəni irsinə qarşı törədilmiş bu cinayətlərin pislənilməsinə çağırırıq.

Sonda bütün telekonfrans iştirkaçıları 1992-1993-cü illərdə erməni hərbi birləşmələri tərəfindən işğal olunan və bu gün işğaldan azad edilən rayonlarda bir vaxtlar fəaliyyət göstərən kitabxanaların tamamilə məhv edildiyi və onların fondlarında mühafizə edilən qiymətli kitabların erməni vandalları tərəfindən talan olunaraq dağıldıması, habelə bütün şəhər və kənd kitabxanalarının binalarının yerlə yeksan olunduğu barədə məlumatların onların adından nüfuzlu beynəlxalq kitabxana təşkilatı olan IFLA-ya çatdırılmasını Milli Kitabxananın rəhbərliyindən xahiş etmişlər.