14-08-2019
14 avqust 2019-cu il tarixində Azərbaycan Milli Kitabxanasında Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, BDU-nun doktorantı, gənc yazar Ülvi Aydının “Eşqin səsi” adlı adlı kitabının təqdimatı və imza mərasimi keçirilmişdir.
Tədbiri Milli Kitabxananın direktoru, prof. Kərim Tahirov açaraq qonaqları salamlamış, Milli Kitabxananın yaxın dostu, ən fəal oxucularından biri olan Ülvi Aydının yaradıcılığından, şeirlərinin təsirliliyindən danışmış, AYB-nin katibi Rəşad Məcidin təbrikini çatdırmış, “Təmənnasız qan”, “Düşünək gərək”, “Çağlayan sevgi” adlı daha 3 kitabın müəllifi olan, ürəkdən gələn hisslərini vərəqə köçürən, şeir, qəzəl, hekayələr müəllifi olan gənc yazara gələcəkdə yeni yaradıcılıq uğurları arzulamışdır.
Şair Zəkəriyyə Qurbanov məsləkdaşı Ülvi Aydına hər zaman yüksəklərdə olmağı arzulamış, onun “Xoşum gəlir” şeirini səsləndirmişdir.
Daha sonra Milli Kitabxananın Könüllülər Qrupunun üzvləri şairin yaradıcılığına məxsus şeirləri səsləndirmişlər.
Gənc yazarın ailə üzvləri çıxış etmiş, kitabxananın rəhbərliyinə bu gözəl tədbirin təşkilinə görə minnətdarlığını bildirmiş, tutduğu düzgün yolda Ülviyə müvəffəqiyyət arzulamışlar.
BDU-nun əməkdaşı, kitabın korrektoru Gülnar Axundova kitabın ərsəyə gəlməsi istiqamətində müəllifin gərgin zəhmətindən danışmış, ona uğurlar arzulamışdır.
Sonda gənc yazar Milli Kitabxanadan daim oxucu kimi xoş münasibət gördüyünü, bütün sorğularını burada ödədiyini, həm elmi, həm də bədii yaradıcılığının inkişafına yaxından kömək olduqlarını bildirmiş, kitabxana haqqında yazdığı şeirini oxumuşdur.
Kitabxananın direktoru, prof. Kərim Tahirov gənc yazara elmin zirvələrinə doğru irəliləməyi, poeziyada da daim inkişaf etməyi arzu etmiş, valideynlərinə bu cür istedadlı gənc yetişdirdiklərinə görə təşəkkürünü bildirmişdir.
Sonda müəllif şeirlərini səsləndirmiş, imzalanma mərasimi olmuş, xatirə şəkli çəkilmişdir.