26-08-2019
2019-cu il avqust ayının 26-da Milli Kitabxanada Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın ictimai fəaliyyətinə həsr olunmuş “Milli mənəvi dəyərlərimizin təəssübkeşi” adlı tədbir keçirilmişdir.
Tədbiri Milli Kitabxananın direktoru, prof. Kərim Tahirov açaraq Azərbaycan mədəniyyətinin hamisi, təəssübkeşi, Azərbaycan milli-mənəvi dəyərlərinin qorunmasında və dünya miqyasında tanıdılmasında yorulmadan fəaliyyət göstərən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın titanik fəaliyyətindən söz açmışdır. Natiq çıxışında xalqın taleyini öz taleyində yaşayan Mehriban xanım Əliyevanın milli-mənəvi dəyərlərimizin qorunması və Azərbaycan mədəniyyətinin dünyada geniş təbliğ olunması, elm və təhsilin inkişafı istiqamətində həyata keçirdiyi uğurlu layihələrdən, həmçinin, YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilmiş mədəni irs nümunələrimizdən, məhz Mehriban xanımın təşəbbüsü ilə Heydər Əliyev Fondunun muğam sənətimizin qorunması və inkişafı ilə bağlı çoxlu sayda uğurlu layihələrin həyata keçirilməsindən, Bakıda Beynəlxalq Muğam Mərkəzinin tikilməsi, “Azərbaycan muğam antologiyasının”, “Qarabağ xanəndələri” albomunun hazırlanması, Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilati dəstəyi ilə dünyada ilk dəfə olaraq, “Muğam aləmi” Beynəlxalq Muğam Festivalının keçirilməsi və digər işlərdən danışmışdır.
Direktor həmçinin, Milli Kitabxana tərəfindən Heydər Əliyev Fondunun kitabxanaya daxil olan kitabların arxiv fondunun yaradılmasından, həmin nəşrlərin müntəzəm olaraq beynəlxalq sərgilərdə nümayiş olunmasından, eləcə də Fondun 5 illik fəaliyyətindən bəhs edən “Heydər Əliyev Fondu - 5 il” adlı biblioqrafik göstəricidən və fondun fəaliyyətinin 10 illiyini əhatə edən elektron resursun hazırlanıb Milli Kitabxananın saytında yerləşdirilməsindən söz açmışdır.
Natiq çıxışının sonunda bu gün həm də Mehriban xanımın ad günü olduğunu tədbir iştirakçılarının diqqətinə çatdıraraq, həm öz adından, həm də, Milli Kitabxananın kollektivi adından ad günü münasibətilə Mehriban xanımı təbrik edərək ona can sağlığı, ictimai fəaliyyətində uğurlar arzulamışdır.
Tədbirin sonunda Azərbaycanın Birinci vitse prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətinə həsr olunmuş video çarx və geniş kitab sərgisi nümayiş olunmuşdur.