close
icon E-kataloq və kitabxana

Azərbaycan Milli Kitabxanasında 31 Mart -Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilib.

29-03-2024

 

31 Mart Azərbaycanın tarixində unudulmaz bir gündür.

Mart Soyqırımı və ya Mart Hadisələri — 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın.

Üç gün davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar edib, əhalini uşaqdan böyüyədək qətlə yetiribdir. Gənc qadınların diri-diri divara mıxlanması, ermənilərin hücumundan sığınmağa çalışan iki min nəfərin yerləşdiyi şəhər xəstəxanasının yandırıldığı da bu dəhşətli faktlar sırasındadır.

Rəsmi mənbələrə əsasən soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb.

Tədbiri açan Milli Kitabxananın direktoru, prof. Kərim Tahirov qeyd edib ki, Ulu öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.  Vurğulayıb ki, erməni  millətçiləri tarixin müxtəlif mərhələlərində mifik ideyalarını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə və soyqırımlar həyata keçiriblər. Daşnaq - bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş qırğınlar zamanı Azərbaycanın müxtəlif ərazilərindən  30 mindən çox  azərbaycanlı qətlə yetirilib, 10 minlərlə insan öz torpaqlarından qovulub. Əlavə  edib ki, bu gün biz 31 Mart Soyqırımına dair daha çox kitablar yazmalı, müxtəlif dillərə tərcümə etməli və erməni daşnaqları tərəfindən azərbaycanlıların başına gətirilən bəlaları, faciələri geniş təbliğ etməliyik.

Tədbir zamanı 31 Mart Soyqırımı zamanı qətlə yetirilmiş insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “31 Mart - Azərbaycanlıların Soyqırımı Günü” adlı elektron məlumat bazası, “31 Mart - Tarixi yaddaşımızdan silinməyən soyqırımı” adlı virtual sərgi onlayn rejimdə, eləcə də “31 Mart - Azərbaycanlıların Soyqırımı Günüdür”  adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Elektron Məlumat bazasında “Rəsmi sənədlər”, “Görkəmli şəxslər Mart soyqırımı haqqında”, “Kitablar”,  “Məqalələr”, “Filmoqrafiya”, “Soyqırım yaddaşlarda” və s. özündə əks etdirən materiallar nümayiş olunur.

Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər https://anl.az/soyqirim/  linkindən istifadə edə bilərlər.

Vitual sərgidə 31 mart soyqırımı haqqında dövri mətbuat məqalələri, kitablar, fotolar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/31-Mart_tarixi_yaddashimizdan_silinmeyen_soyqirim/index.htm  linkindən istifadə edə bilərlər.

Ənənəvi kitab sərgisində 31 mart soyqırımı,  eləcə də, tarix boyu erməni millətçilərinin xalqımıza qarşı törətdiyi qətliamlar haqqında həqiqətləri dünyaya çatdıran Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar nümayiş olunur.

Ənənəvi kitab sərgisi 1 həftə davam edəcək.

icon

Foto qalereya