close
icon E-kataloq və kitabxana

Azərbaycan Milli Kitabxanasında “Azərbaycan əlifbası və Azərbaycan dili günü” adlı virtual sərgi istifadəçilərə təqdim olunmuşdur

01-08-2023

           Avqust ayının 1-i Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunur.               
          Qədim və zəngin mədəniyyətə malik Azərbaycan xalqı dünya sivilizasiyasına bir sıra dəyərli töhfələr vermişdir. Onların ilk nümunələri olan Qobustan və Gəmiqaya təsvirləri, həmçinin epiqrafik abidələr bir daha sübut edir ki, bu qiymətli əsərləri yaradarkən xalqımız müxtəlif yazı növlərindən və əlifbalardan istifadə etmişdir. İslam dininin yayılması ilə əlaqədar ölkəmizdə əsrlər boyu ərəb əlifbasından istifadə olunmuşdur. XIX əsrin ikinci yarısından etibarən M. F. Axundzadə başda olmaqla bir sıra Azərbaycanın mütərəqqi maarifçi ziyalıları əlifba islahatı keçirməyə çalışsalar da, bir sıra maneələrlə üzləşmiş və əlifba islahatını həyata keçirməyə nail olmamışlar.

           Müstəqilliyimizin qazanılmasından sonra yaranmış tarixi şərait xalqımızın dünya xalqlarının ümumi yazı sisteminə qoşulması üçün  yeni perspektivlər açdı və latın qrafikalı Azərbaycan əlifbasının bərpasını zəruri etdi. Həmin vaxtdan müstəqil Azərbaycan Respublikasında tədricən latın qrafikalı milli əlifbamıza keçid mərhələsi başlandı. Yeni müstəqil əlifbaya keçməyin zəruriliyini elmi faktlarla əsaslandıran ilk alim Afad Qurbanov olmuşdur. 1 avqust 1990-cı il tarixində onun təşəbbüsü ilə Azərbaycan Əlifba Komissiyası yaradılmış, komissiyanın tərtib etdiyi yeni əlifba 1992-ci ildə təsdiq edilmiş və tətbiq edilməyə başlanmışdır. Nəticədə 1992-ci ildə latın qrafikalı Azərbaycan əlifbasının tətbiqi barədə Qanun qəbul olundu. 2001-ci ildə isə latın qrafikalı Azərbaycan əlifbasına keçid başa çatdırıldı.

        Azərbaycan əlifbası kimi, dilinin də hərtə­rəfli inkişafı, onun rəsmi dövlət dili statusu alması, beynəlxalq münasibətlər sistemində dünya diplomatiyasına yol açması məhz Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqil Azərbaycan Respublikasının 1995-ci il noyabr ayının 12-də qəbul olunan ilk Konstitusi­yasında xalq referendum yolu ilə öz mövqe­yini nümayiş etdirərək, ölkədə dövlət dilinin Azərbaycan dili adlandırılmasına yekdilliklə tərəfdar olduğunu bildirmişdir.

        Latın qrafikalı əlifbanın tətbiqinin Azərbaycan Respublikasının siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev 2001-ci il avqust ayının 9-da fərman imzalamışdır. Bu fərmanla avqustun 1-i Azərbaycan Respublikasında Azərbaycan Əlifbası və Azərbaycan dili Günü elan edilmişdir.

        Azərbaycan Ədəbiyyatı və Azərbaycan Dili günü münasibətilə Milli Kitabxananın əməkdaşları tərəfindən “1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili günü” adlı virtual sərgi hazırlanıb.

       Virtual sərgidə mövzu ilə əlaqədar Azərbaycanın görkəmli şəxslərinin fikirləri, sərəncamlar və fərmanlar, kitablar nümayiş olunur.

        Virtual sərgi ilə ətraflı tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Ana_dili_gunu/index.htm linkindən istifadə edə bilərlər.