24-01-2022
Bu il XX əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələri arasında fərdi ifaçılıq keyfiyyətləri ilə seçilən Aşıq Şakirin 100 illik yubileyi tamam olur.
Şirvan aşıq mühitinin yeni ifaçılıq və yaradıcılıq baxımından formalaşmasında məxsusi xidmətləri olan ustad saz havaları ilə muğamlarımızı yüksək peşəkarlıqla sintez edib. Məlahətli səsi, şaqraq zəngulələri ilə xalq arasında böyük sevgi qazanan sənətkar aşıq şeirinin müxtəlif şəkillərində gözəl nümunələr də yaradıb. Onun lirik havacatları ilə yanaşı oxuduğu şux və oynaq ritmlər də xalqın yaddaşında əbədi olaraq yaşayır. “Kəndimiz”, “Maral”, “Telli sazım”, “Nə bağ bildi, nə də bağban”, “Şirvan şikəstəsi”, “Döymə Kərəm”, “Bakı”, “Bala nərgiz” havalarını yəqin ki, sazsevərlər ömür boyu unutmayacaqlar.
Aşıq Şakir aşıq sənətinə yeni nəfəs gətirib. O, məlahətli səsi, təkrarolunmaz ifası ilə bu gün də ehtiramla xatırlanır.
Görkəmli aşığın 100 illik yubileyi münasibətilə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Aşıq Şakir – 100” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə ustad aşığın poeziyası, fotolar, həyat və yaradıcılığı haqqında yazılan kitablar, məqalələr nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Asiq_Sakir_100/index.htm linkindən istifadə edə bilərlər.