02-04-2022
Azərbaycan ordusunun qələbəsi ilə bitən aprel döyüşlərindən altı il ötür. 2016-cı ildə baş vermiş dördgünlük müharibədə qəhrəman əsgər, gizir və zabitlərimiz təcavüzkar Ermənistan ordusuna ağır zərbələr endirərək 2 min hektardan artıq ərazini işğaldan azad etdilər. Ötən müddət ərzində işğaldan azad olunan ərazilərdə, o cümlədən aprel qələbəsi ilə düşmən təhlükəsinin uzaqlaşdırıldığı Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində təmir-bərpa işləri aparılıb, orada yeni qəsəbə salınıb, ata-baba yurdlarından didərgin salınan insanlar geri dönüblər.
Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir. Belə də oldu, 44 günlük İkinci Qarabağ müharibəsində müzəffər Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında erməni işğalçılarını darmadağın edərək, 30 illik işğala son qoydu, ölkəmizin ərazi bötüvlüyünü bərpa etdi. Aprel döyüşləri Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyətini nümayiş etdirdi, Prezident, Ali Baş Komandan İlham Əliyevin hərbi sahəyə göstərdiyi diqqətin, silahlı qüvvələrin işğal olunmuş əraziləri istənilən an azad etmək bacarığının göstəricisi oldu.
Aprel döyüşlərinin 6-cı ildönümü münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Aprel döyüşləri” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə fotolar, mövzu ilə əlaqədar kitab və məqalələr nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Aprel_doyusleri/index.htm linkindən istifadə edə bilərlər.