02-04-2021
Aprel döyüşləri xalqımızın qəhrəmanlıq salnaməsidir. 2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Bu, aprel döyüşləri kimi tarixləşdi. Döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Döyüşlər zamanı Azərbaycanın qəhrəman oğulları öz qanları və canları ilə tarix yazdılar.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev aprel döyüşlərinə xüsusi önəm verərək, onu şanlı tariximiz adlandırdı: “Bu döyüşlər zamanı Azərbaycan dövləti, Azərbaycan xalqı, Azərbaycan Ordusu bir daha öz gücünü göstərdi. Aprel döyüşləri bizim böyük hərbi qələbəmizdir. Uzun illər Ermənistan öz ordusu haqqında miflər yaradırdı, uydurmalar irəli sürürdü ki, guya bunların yenilməz ordusu var. Aprel döyüşləri göstərdi ki, kimin ordusu yenilməzdir”.
Aprel döyüşləri uzun illərdir ki, Ermənistanda yalandan formalaşdırılmış “məğlubedilməz ordu” mifini heçə döndərdi. Azərbaycan Ordusu həm hərbi peşəkarlıq, həm qəhrəmanlıq göstərmişdir. Aprel döyüşləri dünya ictimaiyyətinə Azərbaycan Ordusunun nə qədər qüdrətli ordu olduğunu bir daha nümayiş etdirdi. Bütün dünya şahid oldu ki, Azərbaycan Ordusu bu döyüşlərdə necə peşəkarlıq, qəhrəmanlıq, məharət göstərdi.
Aprel döyüşlərinin 5-ci ildönümü münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Aprel döyüşləri” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə fotolar, mövzu ilə əlaqədar kitab və məqalələr nümayiş olunur. Virtual sərgidə nümayiş olunan materiallar tam mətnləri ilə verilib.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Aprel_doyusleri/index.htm linkindən istifadə edə bilərlər.