10-12-2021
Dekabrın 10-da Milli Kitabxanada Ümummilli lider Heydər Əliyevin Anım Günü münasibətilə tədbir keçirilib. Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq iştirakçıları salamlayıb. Sonra Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Direktor Kərim Tahirov bildirib ki, 12 dekabr tarixində müasir Azərbaycanın qurucusu və memarı, görkəmli dövlət xadimi, xalqımızın xilaskarı Ulu Öndər Heydər Əliyevin vəfatından 18 il ötür. Direktor çıxışı zamanı onu da vurğulayıb ki, Heydər Əliyev təkcə Azərbaycanın deyil, dünyanın ən görkəmli siyasətçilərindən biri olub. Müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin möhkəm təməl üzərində ucaltdığı əzəmətli abidədir. O, bildirib ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ölkəmizdə əmin-amanlıq, sakitlik yaratdı, hərc-mərcliyə son qoydu. Azərbaycan dövləti tarixində quruculuq mərhələsi başladı. Azərbaycanın bugünkü inkişaf yolunun əsas istiqamətlərindən danışarkən birmənalı şəkildə qeyd etmək lazımdır ki, bu inkişaf xalqımızın Ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttin ardıcıl davam etdirilməsinin nəticəsidir. Direktor qeyd edib ki, bu gün Azərbaycana Heydər Əliyev yolunun layiqli davamçısı İlham Əliyev başçılıq edir. Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və qalib gəlir. Təkcə onu deyə bilərik ki, keçən il 44 günlük Haqq savaşımızda cənab Prezident İlham Əliyevin rəhbərliyi, müzəffər Azərbaycan ordusunun iştirakı 30 ilə yaxın işğal altında olan torpaqlarımız azad olundu. Azərbaycanı daima müstəqil, torpaqlarımızı bütöv şəkildə görmək Ulu Öndərin ən böyük arzularından biri olub. Şuşa şəhərinin işğaldan azad olunduğu gün Cənab Prezident İlham Əliyev vurğulamışdır: “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim”. Məhz Cənab Prezidentimizin güclü siyasəti, müzəffər Azərbaycan ordusu, vətənpərvər gənclərimiz sayəsində bu gün Azərbaycan Qalib xalq kimi tanınır.
Direktor son olaraq vurğulayıb ki, Azərbaycan xalqı durduqca, yaşadıqca Ulu Öndərin əziz xatirəsi daim xatırlanacaq, heç vaxt unudulmayacaqdır.
Tədbir zamanı Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “12 Dekabr – Ümummilli Lider Heydər Əliyevin Anım Günüdür” (http://anl.az/el/vsb/Umummilli_lider_Heyder_Eliyev/index.htm) adlı virtual sərgi də nümayiş olunub.